Mingəçevirdə Aprel şəhidlərinə tikilən mənzillər başa çatdı - FOTOLAR


Ötən ilin iyul ayında Birinci vitse-prezident Mehriban Əliyeva mingəçevirli Aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıgöstəriş verdi.
Mingəçevirdə dörd Aprel şəhid ailəsindən iki ailə Gəncə şəhərində mənzillə təmin olundu, digər iki ailənin torpaq sahəsi olduğu üçün Mingəçevir şəhərində həmin torpaq sahəsində olan yararsız mənzilləri sökülərək, yeni 3 otaqlı geniş mənzil tikilib istifadəyə verildi.
“Mingəçevirli Aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında  verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova dedi. Onun sözlərinə görə, bundan əvvəl   yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilmişdi.
Gülnarə Qasımova bildirdi ki, üç övladından ikisinin Aprel döyüşlərində iştirak etməsi ilə qürur duyur: “Teymurun qismətinə şəhidlik yazılıbmış. Teymur apreldə doğulmuşdu,apreldə də şəhid oldu. Bu günlərdə onun ad gününü yeni mənzilimizdə qeyd etdik. Biz şəhid ailələrinə diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Birinci vitse–prezident Mehriban xanım Əliyevaya, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edirik ki,pandemiyanın tüğyan etdiyi bir vaxtda və ölkəmizdə erməni təcavüzünəqarşı müharibənin qızğın vaxtında da olsa, bizim mənzillərin tikintisi dayanmadı və 3 otaqlı, hər cür şəraitlə təmin olunmuş mənzil bizim ixtiyarımıza verildi.Ailəmiz adından əməyi keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm”.

Şəhid çavuş Adil Adilzadənin atası Kamran Abdullayev və anası Gülnarə Abdullayeva da göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Abdullayevlər ailəsinin də mənzil şəraiti çox acınacaqlı vəziyyətdə idi. Ona görə də, ailə bir müddət idi ki, kirayədə yaşayırdı. Artıq Abdullayevlər ailəsinin də yeni mənzili hazırdır.Bu yaxınlarda ailə öz yeni mənzilinə köçəcək. Qeyd edək ki,Günəşli yaşayış massivindəki 14 saylı küçə yeganə oğul övladları Adil Adilzadənin adını daşısa da, şəhidin böyüdüyü ev istifadəyə tam yararsız vəziyyətdə idi.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun, çavuş Adil Adilzadənin,gizir Rahim Tağıyevin və kiçik çavuş Rüstəm Əhmədovun doğmaları mənzil şəraitlərinin yararsız və qəzalı vəziyyətdə olması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya kömək göstərilməsi üçün müraciət etmişdilər. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin xətti ilə çatdırılan bu müraciət Mehriban Əliyeva tərəfindən həssaslıqla qarşılandı və hər 4 ailə yeni mənzillərlə təmin olundu.
Esmira Hidayətova, Mingəçevir
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top