Xalq artisti şəhid oğlundan danışdı: "Bir gün zəng etdi ki, ata, gedirik, amma..." - VİDEO


Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur Vətən müharibəsində şəhid olan oğlu, Baş leytenant Rövşən Nurzadə barədə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, o, “Elgizlə izlə” proqramında qonaq olarkən oğlunun könüllü olaraq döyüşlərdə iştirak etdiyini vurğulayıb:
“Rövşən İkinci Fəxri Xiyabanda dəfn olunub. O, Sumqayıt şəhərində yerləşən 31 nömrəli məktəbdə oxuyub. Birinci Qarabağ hadisələri baş verəndə sinif uşaqlarına deyib ki, torpaqlarıız uğrunda vuruşmaq üçün müharibəyə gedəcəm. Direktor bu barədə mənə məlumat verəndə, gəlib Ağdamda olan posta zəng etdim. Bildirdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisə yalan deyərək, texnikomda oxuduqlarını, Rövşən isə xalasıgilə getdiyini bildirib. Əslində isə onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra bir mayor onu gətirib məktəbə təhvil verib. Rövşən qəribə uşaq idi. Ailədə tamam başqaydı, vətənpərvər, mərd, qoçaq, sirrini heç kəsə verməyən övlad idi.
Müharibə başlayanda onun hərəkətlərinə fikir verirdim, görürdüm ki, özündə deyil. Məhəllədə mənə dedilər ki, Rövşən müharibəyə gedəcək. Bildirdim ki, yaşı uyğun gəlmir. Ehtiyatda olan zabit idi. Bir gün səhər gəldi bizlə görüşdü, dedi ki, saat 3-də hərbi komissarlıqda olmalıyam. Soruşduq ki, nə olub? Dedi ki, ərizə vermişəm, mənim zabit yoldaşlarım orada döyüşür. Hər gün onlarla danışırdı, informasiya alırdı, hərbi biliyi güclü idi. Onu iki oğlu ilə özüm yola saldım. Hərbi maşın yola düşəndə dedim ki, qələbə ilə geri qayıt. O da qələbə ilə gələcəm dedi. Ondan sonra hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidə olarkən danışmışdıq. Bir gün gecə saatlarında zəng etdi ki, ata, gedirik, amma bilmirik hara. Bu, onun sonuncu zəngi oldu”.
Qeyd edək ki, Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin! 

DİGƏR XƏBƏRLƏR

Top