Şəhid atası: “İcra başçısı üstümə qışqırdı və məni vurmaq istədi” – İDDİA + AÇIQLAMA


“Mənim oğlum Sərdar Əhədov I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Mən buna görə fəxr edirəm, qürur duyuram. Torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanuni sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar”.

Bu sözləri Yeniavaz.com-a müraciət edən Zərdab rayon Alıcanlı kənd sakini Əsədov Ataxan Əsəd oğlu deyib. O iddia edir ki, sözügedən torpaq sahəsində əkdiyi taxılı və yoncanı mal-qara otararaq tələf ediblər:
“Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov və  onun müavini Pərvin Mahmudova verib. Hansı ki, həmin torpaq sahəsini qanuni qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalovun qəbulunda oldum. Sonucu dəfə o mənim üstümə şığıyıb "məni bezdirmisən mən torpaq işinə baxmıram” – deyə qışqırdı və məni vurmaq istədi. Orada olan insanlar müdaxilə etməsəydi icra başçısı məni vuracaqdı”.
Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, Ataxan Əsədov ona verilən torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün əlindən alınıb:
“Son vaxtlar rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində iri və xırda buynuzlu mal-qaranın baş sayının artaraq 170 minə çatması bələdiyyə mülkiyyətində olan örüş-otlaq sahələrinə olan tələbatı artırmışdır. Bununla əlaqədar kənd sakinləri ümumi istifadə üçün nəzərdə tutulmuş, lakin əvvəlki rayon rəhbərlərinin fəaliyyət dövrünü əhatə edən son 20 il müddətində ayrı-ayrı şəxslərin icarəsinə verilmiş və zəbt olunmuş örüş sahələrinin geri qaytarılması üçün Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciət etmişlər. Odur ki,  vəziyyətin araşdırılması məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 21.02.2020-ci il tarixli sərəncamına əsasən xüsusi komissiya yaradılmışdır.
Ötən müddət ərzində komissiyanın  fəaliyyəti nəticəsində  bələdiyyə tərəfindən torpaqlardan təyinatı üzrə istifadə qaydalarına əməl etməyərək və  zəbt edərək istifadə edən sakinlərə bildiriş xarakterli məktublar göndərilmişdir.
Eyni zamanda sakinlərdən bir neçəsi istifadələrində olan sahələrdən taxıl və yoncanı biçib götürdükdən sonra torpaqları boşaldacaqlarına dair bələdiyyə və həmkəndliləri qarşısında öhdəlik götürmüşlər. Bütün bunlara baxmayaraq sakinlərdən bəziləri həmkəndlilərinin istifadəsində olan torpaqlardakı əkinlərin, o cümlədən taxıl və yonca sahələrinin mal-qaraya otarılmasına cəhd göstərmişlər. Birinci Alıcanlı bələdiyyəsi üzrə icarədarlardan Sarvan Salahov, Fənarə Qasımova, Namət İsmayılov, Ataxan Əsədov və başqaları onlara məxsus əkinlərin otarılması ilə əlaqədar məhkəmədə həmkəndlilərinə qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmışlar. Ataxan Əsədov Birinci Alıcanlı bələdiyyəsinin 25.03.2005-ci il tarixli, 03 saylı qərarı ilə 25 il müddətinə icarəsinə verilmiş örüş təyinatlı 10 hektar torpaq sahəsindən istifadəyə maneçilik törədilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmış, iddianın yonca sahəsinin otarılması ilə bağlı dəymiş ziyanın ödənilməsi barədə hissəsi təmin olunmuş, digər hissələri təmin olunmamışdır.
Ataxan Əsədovun icarəsində olmuş və Birinci Alıcanlı  bələdiyyəsinə  məxsus  10 hektar  örüş təyinatlı torpaq  sahəsi hazırda kənd sakinləri tərəfindən örüş kimi istifadə olunur.
Ataxan Əsədov hazırda Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin (sabiq) rayon şöbəsinin və bələdiyyənin təsdiq etdiyi sxemə əsasən, bələdiyyənin sair təyinatlı torpaqlarının 1,8 hektar hissəsinin su ilə örtülü 1,3 hektar hissəsindən balıqçılıq, 0,5 hektar hissəsindən bağçılıq məqsədilə istifadə edir.
Ötən müddət  ərzində Birinci Alıcanlı bələdiyyəsi üzrə 14 nəfərin istifadəsində olan  115 ha ümumi istifadə üçün  nəzərdə  tutulan  örüş torpaqları kənd sakinlərinin istifadəsinə qaytarılmışdır.
Hazırda  Birinci Alıcanlı bələdiyyəsi  üzrə ümumi istifadə  üçün nəzərdə tutulmuş 712,33 hektar  örüş sahəsi tam olaraq sakinlərin ümumi istifadəsindədir”.
Şəhid atasının icra başçısının ona hücum etməsi ilə bağlı iddiasına isə qurumdan belə münasibət bildirilib:
“Ataxan Əsədov son 2 ay ərzində ümumiyyətlə rayon icra hakimiyyəti başçısının qəbulunda olmayıb. Əvvəllər qəbul edilərkən bütün qəbullar video çəkiliş vasitəsilə həyata keçirilib. Ataxan Əsədov həm ağsaqqal kimi yaşına hörmət olaraq, həm də şəhid ailəsi olması nəzərə alınaraq daim rayon icra hakimiyyətində hörmətlə qəbul ediib və dinlənilib. A.Əsədovun icra hakimiyyətinin başçısı tərəfindən döyülməsinə cəhd göstərilməsi barədə fikirləri şər və böhtan xarakterli olmaqla, tamamilə əsassızdır. O, əvvəllər zəbt etdiyi örüş torpağının yenidən ona qaytarılmasına nail olmaq üçün bu cür yalanlar uydurmaqla, müxtəlif yollara əl atır”.




DİGƏR XƏBƏRLƏR

Top