Bu il regionlarda 100-ə yaxın əmək yarmarkası keçiriləcək


2021-ci ildə peşə hazırlığı və əlavə təhsilin təşkilinə, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə, əmək yarmarkalarının və əmək birjalarının təşkili tədbirlərinə, haqqı ödənilən ictimai işlərin həyata keçirilməsinə cəmi 12 milyon manat və ya İşsizlikdən Sığorta Fondunun ümumi xərclərinin 7,6 faizi səviyyəsində vəsait nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin 10 ayında pandemiya ilə bağlı təhsil müəssisələrində təhsilin tam dayandırılması ilə bağlı cəmi 1013 nəfər işsiz və işaxtaran vətəndaşın peşə hazırlığı təşkil edilib. 2020-ci ilin 11 ayında bu məqsədlə nəzərdə tutulan vəsaitin cəmi 1,5 milyon manatı istifadə olunub.
Peşə hazırlığının müasir çağırışlara uyğunlaşdırılması məqsədi ilə Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin yeni əraziyə köçürülməsi və təlim prosesinin müasir tələblərə uyğun şəkildə aparılması, təhsili bitirən müdavimlərə beynəlxalq standartlara cavab verən sertifikatların təqdim olunması istiqamətində işlərin aparılması, həmçinin Bərdə və Quba rayonlarında 2 yeni peşə hazırlığı mərkəzinin tikintisi proqnozlaşdırılır. Təqdim olunmuş məlumata əsasən 2020-ci ildə 32 min nəfərin, 2021-ci ildə isə 150 min nəfərin peşə yönümünə dair məsləhət xidmətindən yararlanması planlaşdırılır.
2021-ci ildə isə ölkədə, xüsusilə də regionlarda 100-ə yaxın əmək yarmarkasının keçirilməsi proqnozlaşdırılır.
Növbəti ildə Fondun vəsaiti hesabına 500 nəfərin “DOST-İş Mərkəzi” MMC vasitəsilə müvafiq işlərə cəlb olunması və bu istiqamətə iki milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top