"Yenidən bəyannamə verilməsinin hansı məqsədi daşıdığını Gömrük Komitəsindən başqa heç kim bilmir"


Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi xaricdən məhsul sifariş edən hər kəsin bunu bəyan etməsi üçün yanvar ayının 1-dən etibarən "smart customs" tətbiqini təqdim edib.
Artıq yanvarın 5-i olsa da, hazırda bu tətbiq müəyyən səbəblərdən fəaliyyət göstərə bilmir. Bu barədə də DGK öz rəsmi “facebook” səhifəsində texniki problemləri səbəb göstərərək açıqlama verib. Lakin burada digər maraqlı məqam bundan ibarətdir ki, ölkədə istehlakçıların əksəriyyəti xaricdən məhsul sifariş verərkən daşıyıcı şirkətlərdən istifadə edir. Bu zaman isə sözügedən daşıyıcı şirkət istehlakçının məlumatlarından istifadə edərək DGK-ya sadələşdirilmiş bəyannamə təqdim edir.
Qurumun təqdim etdiyi yeni tətbiq ilə istehlakçıların sadələşdirilmiş bəyannamə verməsi isə eyni prosesin iki dəfə yerinə yetirilməsi deməkdir. Bəs görəsən bunun səbəbi nədir və proses hansı qanunla tənzimlənir?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən tanınmış iqtisadçı Natiq Cəfərli bildirdi ki, təkrar bəyannamənin verilməsi heç bir qanunla tənzimlənmir:
“Bu çox təəssüf ki, DGK-nın daxili əsasnaməsi ilə tənzimlənir. Yəni onlar bu qərarı verərkən hansısa bir qanuna istinad etmirlər, daxildə qəbul etdikləri qərarlara istinad edirlər. Onun nəticəsində də belə bir qarışıqlıq yaranır və qərarların bir-biri ilə əlaqələndirilməsi itir. Burada ən yaxşı o ola bilər ki, məsələyə Nazirlər Kabineti maraq göstərsin və bunu qanunla tənzimləsin. Nazirlər Kabineti üst qurum olduğu üçün DGK-nın tətbiq etdiyi bu tipli qərarları ləğv edə, dəyişdirə və ümumiyyətlə yeni qaydaların tətbiqi ilə bağlı qərar verə bilər. Çox təəssüf ki, hələ ki bununla bağlı hər hansı bir addımın atıldığını biz görməmişik”.
N. Cəfərli gələcəkdə bu prosesi xidmət kimi təklif edən qrupların yaranacağını deyib:
“Məncə burada insanları bu səpkidə fərdi fəaliyyət növlərindən kənarlaşdırmaq və müəyyən dərəcədə bəzi çevrələrin əlində cəmləşdirməkdə maraq var. Yəni Azərbaycan vətəndaşlarının bir çoxu onlayn bəyannamələrin verilməsi, qeydiyyatı, təkrar qeydiyyatı kimi bu tipli proseslərin internet üzərindən aparılmasında maraqlı deyillər. Belə bir maraq qrupları yaranacaq ki, şəxslərə bu fəaliyyət növü ilə bağlı hansısa bir formada öz xidmətlərini təklif edəcəklər və çox güman ki, həmin şəxslər, qruplar və şirkətlər qeyri-formal da olsa elə DGK ilə birgə fəaliyyət göstərəcəklər”.
İqtisad elmləri namizədi Nazim Bəydəmirli isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bu proses daşıyıcı şirkətlərə edilən qeyri-formal təzyiqdən ibarətdir və inhisarçılığın bir növüdür:
“Əslində DGK guya bunu, vətəndaşların Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq limiti keçməmək şərti ilə öz şəxsi istifadəsi üçün gətirdiklərini identifikasiya etməsi üçün etmişdi. Mən hesab edirəm ki, bu, əslində gömrük işinin düzgün aparılmamasından və karqo şirkətlərinə edilən qeyri-formal təzyiqdən ibarətdir və monopoliyanın bir növüdür. Vətəndaş elektron ticarətə və Nazirlər Kabinetinin verdiyi qərara uyğun olaraq il ərzində, ay ərzində özünün şəxsi istifadəsi üçün istənilən malı gətirə bilərdi və karqo şirkəti də onun üçündür ki, məhsulu xaricdəki hər hansı bir ünvandan götürüb həmin vətəndaşın yaşadığı ünvana təqdim etsin. İndiki halda isə belə çıxır ki, vətəndaş vaxtını itirməlidir, vəsaitini xərcləməlidir. Düzdür sadə bəyannamə forması rüsumsuzdur, ancaq bu vaxt aparır və indiki zamanda da vaxtın dəyəri daha böyükdür, nəinki onun fiziki qiyməti”.
N. Bəydəmirli də qeyd edib ki, bu hal qanunla tənzimlənmir:
“Qanunda belə bir məsələ yoxdur, siz özünüz də onu bəyan edə bilərsiniz, karqo şirkəti də bəyan edə bilər. Əslində bu təkrarçılıqdır. Sizin şəxsi məlumatlarınızın vətəndaş olaraq yenidən gömrük orqanlarında toplanmasıdır və hansı məqsədi daşıyır onu gömrük komitəsindən başqa heç kim bilmir.
Belə izah edirlər ki, bunlar müxtəlif adamların adına gəlir, sonra da kommersiya məqsədilə istifadə olunur. Yəni əslində bu, gömrük orqanının işi olmamalıdır. Ölkədə elə iqtisadi siyasət aparılmalıdır ki, həmin məhsulların gətirilməsi vətəndaşa sərf etməsin, burada yerində alsın o məhsulu. Niyə onu gətirməlidir, niyə məcbur olmalıdır? Çünki burada monopoliya var. Monopoliya həmin qiymətləri kifayət qədər yuxarı qaldırır. Ona görə də vətəndaş məhsulu özü almaq üçün bu yola üz tutur. Bu səbəblər aradan qaldırılmalıdır. Bunların isə mübarizəsi dırnaqarası nəticə ilədir”.
 
Şahmərdan Əhmədli
 

DİGƏR XƏBƏRLƏR

Top