Rusiya Naxçıvanda vurulan helikopterlə bağlı Azərbaycana müraciət etdi


Rusiya hərbi müstəntiqləri azərbaycanlı həmkarlarından Ermənistan-Azərbaycan sərhədində Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı cinayət işinin istintaqında kömək istəyib. 
Yeniavaz.com
"İnterfaks"a istinadla xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan bir mənbə agentliyə məlumat verib. Bildirilib ki, hadisə ilə bağlı bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti yaranıb:
“Xüsusən də bir sıra şübhəlilərin şəxsiyyətinin, habelə bu hadisənin bəzi hallarının dəqiqləşdirilməsinin zərurəti yaranıb. Bununla əlaqədar olaraq Azərbaycana beynəlxalq hüquqi yardım tələbi göndərilib”.
Qeyd olunub ki, şübhəli şəxslərin qanunvericiliyə əsasən, Rusiyaya verilməsi mümkün olmadığı üçün toplanmış sənədlər Bakıya göndəriləcək.
Xatırladaq ki, Rusiya 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən insidentlə bağlı “2 və daha artıq şəxsin qəsdən öldürülməsi” maddəsi ilə iş açıb.
Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olub, 1 nəfər isə yaralanıb.
Həmin faktla bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Rusiyanın Baş Prokuroru İqor Krasnova zəng edərək, hadisə nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Eyni zamanda, başlanmış cinayət işi üzrə həyata keçirilən ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, onu tam, obyektiv və hərtərəfli istintaq aparılacağına əmin edib.

DİGƏR XƏBƏRLƏR

Top