Qazi leytenant Nəsirov: "İndiyə qədər heç bir icra orqanı gəlib deməyib ki, "necəsən?"" - FOTOLAR


Döyüşərək yaralanmış qazilərimizin bəzən maddiyyatdan çox mənəvi, psixoloji cəhətdən yardıma ehtiyacıları olur.
Onlar canını güllələrə, mərmilərə sipər etmək bahasına qazandıqları zəfərin qarşılığında bizlərdən sadəcə sevgi, qayğı gözləyirlər.
Həmin qayğını istəyən qazilərimizdən biri də leytenant Nəsirov Vüsal Teymur oğludur.
Vüsal 31 dekabr 1995-ci ildə Şirvan şəhərində anadan olub. 9-cu sinfə kimi 2 saylı orta məktəbdə təhsil alıb. 2010-cu ildə Cəmşid Naxçivanski adına hərbi liseyə daxil olub. Hərbi liseyi 4-cülüklə bitirdiyi üçün qarşısında iki xarici ölkə - Rusiya və Türkiyədə  təhsil almaq imkanı yaranıb. Bir çox səbəblərdən Vüsalın seçimi Türkiyə olub. 2013-cü ildə "Türkiye Kara Harp Okulu"na daxil olub. 2018-ci ildə oradan məzun olub. Hərbi məktəbi motoatıcı kimi bitirib.

Yeniavaz.com-a danışan Vüsal Nəsirov deyir ki, hərbi liseyi bitirdikdən sonra Azərbaycana qayıdaraq xidmətini Goranboy, Ağdam, Tərtər rayonlarındakı N saylı hərbi hissədə davam etdirib. Ən sonuncu xidmət yeri Tapqaraqoyunluda yerləşən N saylı hərbi hissə olub:
"Mən Talış kənd və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Biz Suqovuşandan Ağdərə istiqamətinə hücuma kecərkən düşmən tankından açılan atəş nəticəsində ağır yaralanmışam. Bədənimdə ümumi 38 ədəd qəlpə var idi. Sağ ayağım baldır hissədən 2 yerdən qırılıb. Hazırda ayağımda illizarov aparatı var və müalicəm evdə davam edir. Yaralanandan sonra əvvəlcə Naftalanda ilkin tibbi yardım almışam. Sonra Abbas Səhət xəstəxanasına köçürülmüşəm. Abbas Səhət Xəstəxanasını 16 noyabrda COVID-19 görə bağladılar. Bizi də Qazax rayonu mərkəzi xəstəxanasına köçürdülər. Orada olduğum müddət boyunca Qazax rayonu icra hakimi hər gün bizi ziyarətə gəlirdi, oxumağa kitablar gətirirdi. 20 noyabr tarixindən 60 günlük xəstəlik məzuniyyətinə buraxılmışam. Amma öz şəhərimdə indiyə qədər heç bir icra orqanı gəlib deməyib ki, "necəsən?', "nəyəsə ehtiyacın var mı?". Çox şükür heç bir şeyə ehtiyacım yoxdur. Ancaq insan bəzən birilərinin qayğısına ehtiyac hiss edir. Biri sənlə maraqlananda deyirsən ki, bu insan məni fikirləşir, nə gözəl. Müharibədə olduğumuz müddətdə xalqımızdan böyük dəstək gördük. Xalqımızın maddi, mənəvi dəstəyini həmişə gördük".


Azərbaycan Ordusunun zabiti müharibədə əsgərləri ilə yaşadığı xatirələrdən də danışıb:
"Müharibədən ən yadda qalan hadisəm, düşmən bizi minaatanlarla ağır atəş altında saxladığı üçün bizə qida gətirə bilmirdilər. Əsgərlər də acmışdı. Mənə deyirdilər ki, komandir, bu yarpaqlardan hansı yeyilməlidir? Bu mənim vicdanımı sızladırdı. Kövrəldirdi məni. Buna çarə tapa bilməsəm də, onların susuzluğunu yatırmaq üçün bir yol tapmışdım. Kal böyürtkənləri əsgərlərimə verirdim ki, ağızları sulansın, beləliklə susuzluqları yatırdı".
Qeyd edək ki, leytenant Nəsirov "Cəsur döyüşçü" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.



Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top