Teymur Rəcəbov yarımfinala çıxdı

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin 1/4 final mərhələsi davam edir.

Bu gün mərhələnin ikinci matçları keçirilib.

Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

Şahmatçılar arasında ilk matçda olduğu kimi, ikinci matçda da 4 oyunun hamısı heç-heçə başa çatıb – 2:2.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. İki oyundan ibarət növbəti mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1. 

Qalibi müəyyənləşdirmək üçün “Armageddon” oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.  

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar. 

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq. 

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top