Əvvəl bir göyərçin gəldi .Birinci mərtəbənin eyvanına qondu. Sanki kimisə gözləyirdi...
Uzaqdan şəhidimin cənazəsi göründü. Cənazə binanın qabağına gələndən bir neçə dəqiqə sonra göyərçinlərin sayı çoxaldı. Onlar tabutun başında qanadlarıyla çırpınaraq elə bil rəqs edirdilər... Sonra eyvanın başına qondular. Tabutu götürüb aparanda isə yenidən göyərçinlər lap aşağıdan ucaraq taputun başında dövrə vurdular...
Sənin haqqında paylaşımlar olunanda, əlli gün xəbər alına bilməyəndə sağ qayıtmağın üçün dua edənlərdən biri idim, Ülvi. Sonda şəhid xəbərin gəldi. Müharibədə şəhid olan üç minə yaxın şəhid anaları , bacıları , yoldaşları ilə eyni ağladım , sızladım... Sənin xəbərin gələndə də...Günlərlə dua oxudum. Məzarını ziyarət etdim. Hər zaman danışdığın özünə nümunə götürdüyün,dostlarının birinə:
"Əgər şəhid olarsam məni Mübarizin yanında dəfn edərsiniz", dediyin Mübariz İbrahimovu da ziyarət etdim....Neçə gündür nisgilliyəm .
Fikirləşirəm, həyatda istədiyin hər şeyin vardı. Rahat həyat tərzin... işin.... Amma sən belə həyatı daşa, qaya, torpağa .. dəyişdin. Bu qədərmi sevirdin Vətənini, Qarabağı? Dostluğumda olmasan da, "facebook"da səhifəni tapıb sənin necə bir gənc olduğunu görmək istədim.
Sən əsil dostmuşsan. Bunu hər sətirdə, hər kəlmələrində sənin yoxluğuna inana bilməyən dostlarının yazdığı paylaşımlardan bildim. Birlikdə deyib güldüyün, dərdlərinə sirdaş olduğun dostların, uşaq vaxtı gah dalaşıb, gah barışdığın amma hər zaman özünə arxa dayaq bildiyin qardaşın Nicat barışa bilmir sənsizliklə... Sən başqa idin.
Səni yaşıdlarından fərqləndirən dünyagörüşün, musiqi duyumun, kinoya, incəsənətə, futbola marağın... Haqqını halal et, oğul ,bir neçəsini yazacam.
Paylaşımlarının birində
*Qarabağımıza Qafqazın Barselonası deyirlər. Birazdan Barselonaya İspaniyanın Qarabağı deyərlər, İnşallah.*
Qarabağ torpağı kimi Qarabağın adını daşıyan futbol komandasını da sevirsənmiş...
*Bir gün Azərbaycanda belə bir film çəkilişi olacaq desəydilər, hamı gülərdi. Sadəcə, inanıb dəstək olmamız lazım idi.İlk aksion filmimiz xeyirli uğurlu olsun. ,,DON MARLEON "*
Paylaşımlarından biri *Mark Zikerberqin Harvard tələbələri qarşısında söylədiyi çıxışıdı.
Ali məqsəd olmayanda hər şey elə-belə olur. İrəli getmək istəyiriksə, həmin ali məqsədi yaratmaq hamımızın üzərinə düşür.
Məqsəd özünü səndən böyük bir şeyin hissəsi olduğuna inandırmaqdır. Səni qarşıda daha yaxşı şeylərin gözlədiyini hiss etməkdir. Əsil xoşbəxtliyi məqsəd yaradır..*MARK ZİKERBERQ.
HƏ.. sən bu cümlələrə bəlkə dəfələrlə qulaq asmısan . Ali məqsədinə çatmaq üçün...
ALİ ZİRVƏYƏ YÜKSƏLDİN.
2018 də əsgərə gedəndə səhifəndə bir bənd şer yazmısan:
Qismət olsa bir il sonra görüşərik,
Vaxtdır artıq əsgər gedirəm mən.
Sonrasını geri dönəndə düşünərik,
Söz verirəm geri dönəcəm mən
Ülvi Hacıyev.
Bir il sonra verdiyin sözü tutdun, oğul. Geri döndün... amma... Noyabırın 13-də sənə gələn təbrik mesajları isə sənsiz sənin səhifəni bəzəyirdi. Hamı olanlardan xəbərsiz sağ salamat dönəcəyini yazıb 26 yaşını təbrik edirdi.... Sən isə oktyabırın 17-də Hadrutda şəhid olmuşdun...
Müqəddəs bir amal uğrunda, torpaqların azad olması uğrunda qatıldın bu döyüşlərə. Evdə belə demədən yazıldın. Hansı hissləri yaşayırdın? Xocalıdakı faciənimi xatırlayırdın? Mübarizləri, Poladları .. minlərlə Vətən fədailərinimi fikirləşirdin? Getdin... Son sözün "İSTİQAMƏT ŞUŞADIR!" dedin.
Bütün şəkillərində gözlərində sanki bir kədər var. O kədəri sevincə çevirməyəmi getdin?
Onu sən bilirdin. Heç kəs bilmədi. Bəlkə gələcəklə bağlı qəlbində arzuların vardı. Xəyallar qururdun... Xəyallarının içində gözlərinin içinə baxanda ürəyinin titrədiyi bir sevdiyin vardı? Xəyalında qurduğun evinin içində xoşbəxt bir ailə tablosu asılmışdı...
Amma dinlədiyin bütün musiqilər həzin, kədərli...
Uca dağ deyildum,
Duman sardı başumu.
Sevdiyim beni ağlar
Ah ben də sevdiyumu.
Daha kovuşamadan mövlam ayrılık yazmış....
Deniz Toprağın mahnısını paylaşanda nə biləydin ki, elə qovuşmadan da ayrılacaqsan...
Ananı çox sevirsənmiş. Hələ körpəykən yol qəzası keçirdəndə aylarla özünə gəlməmisən, amma Allah yenidən səni qaytarıb həyata. Anan gecələri oyaq qalıb, gündüzləri keşiyini çəkib. Gecələr üstün açıq qalar deyib otağına gəlib üzündən öpüb, bəlkə dəqiqələrlə üzünə baxıb... Məktəbi bitirib ali məktəbə qəbul olanda bəlkə qürurlanıb. Ürəyində onlarla arzu tutub. Bəlkə qəlbində kiminsə qızına bir qaynana gözüylə də baxıb. Xəyallarında xonça tutub, gəlinə alacağı hədiyyələri gözünün qabağına gətirib. Gəlinini ağ gəlinlikdə vağzalı sədaları altında evinə gətirib, bir il sonra şipşirin bir nəvə oynadıb xəyalında....
Cəmi bir anın içində yox oldu bu xəyallar.
Anan bəlkə iyirmi il qocaldı Ülvi...
Atanın beli büküldü. Bəlkə də xəlvətə çəkilib hönkürüb... Ay oğul sən məni çiynində aparmalıydın, mən səni necə aparım?", - deyib.
Əziz bacının yuxusuna girib. Mən çox gözəl yerdəyəm. Məndən narahat olmayın", demisən.
Sən ŞƏHİD OLDUN, OĞUL.
O tabutunun başında dövrə vuran göyərçinlər vardı ha onlar müqəddəslərin ruhları olub. Səni yola salmağa gəliblər.İnsanlara, doğmalarına sənin yaşadığını, sadəcə cisminin torpağ olduğunu özünün isə cənnətin ən yüksək qatında - Firdevsdə olduğunu deməyə gəliblər. Uhud müharibəsində şəhid olan müqəddəslərin ruhlarını Allah (c.c) göyərçinlərin cisminə köçürmüş, deyirlər.Sən yaşayırsan nur üzlü şəhidim. İnsan var, evdən gedir, insan var eldən. Sən eldən gedən oğulsan. Dünya durduqca, Azərbaycan durduqca sən də yaşayacaqsan. Hər kəs unudulacaq sən yaşayacaqsan.
ŞƏHADƏTİN MÜBARƏK ÜLVİ HACIYEV...
Aytən Məmmədova