“Müəllim bir şagirdi təhqir edirsə, deməli o öz sahəsini yaxşı bilmir”



“Pedaqoq deyəndə ağlımıza ilk olaraq təlim-tərbiyə və təhsil gəlir. Onlar cəmiyyətin ziyalı təbəqəsi sayılır və atdıqları hər bir addım nümunədir. Təlim-tərbiyədə müəllim bir şagirdi təhqir edirsə, deməli o öz sahəsini yaxşı bilmir. Uşaqlar bizim gələcəyimizdir, əsgərimizdir, gəncliyimizdir. Həm müəllim, həm də valideyn onları şəxsiyyət kimi yetişdirməlidir”. 
Bu sözləri Yeniavaz.com-a açıqlamasında psixoloq Arzu Qurbanlı deyib. O bildirib ki, uşaqların sağlam ruhda böyümələrini istəyiriksə, onlara düzgün yanaşma tərzi seçməliyik: “Onlara fəxrlə öz ad ilə müraciət etməliyik yoxsa başqa adla müraciət etmək müəllimin qeyri-peşəkarlığından irəli gəlir. Bir sinifdə bütün uşaqlar yaxşı oxuma qabiliyyətinə sahib olmaya bilər. Ümumiyyətlə pedaqoqlar uşaqların yaşına görə psixologiyasını bilməlidirlər. Əgər sinifdə uşağın özgüvəni zəifdirsə, müəllim o tərəfdən uşağa dəstək olmalıdır. Yəni həmin uşaqdan savad tələb etmək yerinə nizam-intizam, qayda-qanun tələb etməli və onun bir şəxsiyyət olduğunu başa salmalıb, dərsə marağını önə çəkməlidir. Lakin öyrədərkən təhqirlərə yol verilirsə, deməli o, yanlız özünü söyməyi öyrədir başqa heçnə. Bilməlidirlər ki, səhəri gün uşaq işlədilən sözü sinif içərisində, böyüyəndə də kiməsə qarşı işlədə bilər. Beləliklə də həmin uşaq şəxsiyyəti tapdalanmış bir insana çevrilir. Bir uşaq nə qədər savadlı olsa da psixologiyası yerində olmasa savadının o qədər də önəmi qalmır.  
Belə hallarda müəllim-valideyn münasibətləri də çox önəmlidir. Əgər müəllim uşağı təhqir edirsə və bu valideynin xoşuna gəlmirsə bu zaman iki tərəfin münasibətində korlanma yaranacaq. Beləliklə də əzilən yenə də uşaq olacaq. Belə olan halda heç bir təhsildən, keyfiyyətdən söhbət gedə bilməz. Müəllimlər bugünlərdə bir yox beş qat səbrli olmalıdırlar. Bununla yanaşı məktəb direktorları da diqqətli olmalıdırlar, onlar kiçik cəmiyyətin başçısı hesab edilir. Bir direktor karantin qaydalarını pozub ad günü keçirərək şüuraltı hansı şüuru yayır? Yəni bu belədə olmalıdırmi? Yox. Bir direktor belə addım atarkən ilk növbədə həmin məktəbdə oxuyan oğlanları düşünməlidir, onları vətənpərvər ruhda böyütməlidir. Ən azından neçə-neçə igid oğlanlarımızın qanları, canları sayəsində çalınan qələbəni onlara aşılamalı, tutulan yasa hörmətlə yanaşmalıdır. Bu həyatda heç kimi qınamıram amma insan özü-özünü qınaq obyektinə çevirəcək addım atırsa təbii ki, heç kim onu alqışlamayacaq. O atdığı addımla göstərdi ki, müəyyən biliyə, savada sahib olsa da, mənəvi təfəkkürü, dünya görüşü onun bildiyi qədərdir”. 
Psixoloq eyni zamanda onlayn təhsilin müəllimin də , şagirdin də psixologiyasına təsir etdiyini bildirdi: “Hələ hiperaktiv uşaqlar üçün bu işgəncədir deyə bilərik. Çünki, normal dərs müddətində uşaq başını sağa, sola fırladıb baxır amma distant təhsildə bir monitor olur və uşaq müəllimi görmək üçün ancaq ekrana baxır. Arxa fonda oturan uşaq yanlış hərəkət, iki qat nadiclik edə də bilər. Bunları da müəllim başa düşməlidir və səbrini iki qat artırmalıdır. Hal-hazırda hər kəs ağır dönəmdən keçir. Sağa baxsaq şəhid xəbəri, sola baxsaq yaralı əsgərlərimiz, yuxarı baxsaq koronavirusa yoluxmuş ailələr, aşağı baxsaq virusdan dünyasını dəyişən ailələr...Bunlar həyatımıza sıx gərginlik verir, nəticədə də əsəb və səbrsizlik yaranır. Psixoloji zərbə almış şəxslər heç vaxt cəmiyyətdə yararlı ola bilməzlər. Gələcəkdə yaxşı direktor, müəllim görmək istəyiriksə uşaqları təhqir etməməliyik.
Təhsil eksperti Qoşqar Məhərrəmov Yeniavaz.com-a açıqlamasında şagirdi təhqir edən müəllimin hərəkətini qınadığını və həmin şagirdlərin yollarına artıq başqa müəllimlə davam etməli olduqlarını vurğuladı:
“Təhsil müəssisəsi insanların həm mədaxil, həm məxaric olduğu bir yerdir. İnsanların bu qədər iştirak etdiyi qurumda insani münasibətlər çox önəmlidir. Bu münasibətlər və kommunikasiya həyatımızın və XXI əsrin ən vacib bacarıqlarından sayılır. Təəssüf ki, kommunikasiya Azərbaycanda, təhsil müəssisələri də daxil olmaqla cəmiyyətin bütün sahələrində ciddi problem olaraq qalmaqdadır. Bu insandan-insana, ailə tərbiyyəsindən gələn və dəyişən bir şeydir. Bəzən insanlar nə qədər ali təhsilli olsalar belə,  etdiyi yanlışı, yanlış olaraq da görmürlər. Bu həm ötən həftə ad günü qeyd etməsilə gündəmə gələn direktorda belə oldu, həm də sözügedən şagirdi təhqir edən müəllimdə. Bu da o deməkdir ki, yanlız bilik və bacarıq kifayət etmir. Mütləq qaydada şagird və valideynlə münasibət qaydaları təsirli hekayələr və videoçarxlarla müəllimlərə izah edilməlidir.  Bu münasibətlər məni həm mütəxəssis, həm də valideyn olaraq narahat edir.  Buna görə dediyimiz üslubda qınanılması, təhqir edilməsi yol verilməzdir. Humanist pedaqogikada buna yer yoxdur. Bu uşaqların psixologiyasına zərər vermək deməkdir. Eyni zamanda valideyn və uşaq münasibətlərində də problem olur, beləliklədə uşaq böyüyüb müəllim olduqda, bunu öz şagirdlərinə yansıdır. Bu kimi hallarla bağlı ciddi tədbirlər görülməli, maarifləndirmə işləri aparılmalıdır ki, müəllim emosialarına qapılıb təhqirlərə yol verməsin. Şagirdin mənfi cəhəti varsa o birbaşa valideynə deyilməli və birlikdə o problemi həll etmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top