Bu şəxslərin kompüter tomoqrafiyası müayinəsindən keçirilməsi təhlükəlidir

Koronavirusla əlaqəli ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsinin hansı hallarda mümkün olacağı ilə bağlı detallar açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, ağır xəstəlik əlaməti olan 4 kriteriyadan biri mövcud olmadıqda KT müayinəsinə ehtiyac yoxdur.

Bunlar aşağıdakılardır:

1. Tənəffüs çatışmazlığı

2. Oksigen saturasiyasının aşağı olması (SpO2 < % 93)

3. Tənəffüsün dəqiqəlik sayının ≥24 olması

4. Tənəffüs sistemi müayinəsində digər patoloji əlamətlərin varlığı.

Ağciyərlərin rentgen şəkli normal olan, lakin yuxarıdakı 4 kriteriyadan birinə cavab verən xəstələrə KT müayinəsi aparıla bilər.

Ağciyərlərin rentgen şəklində COVID-19 pnevmoniyasına xas bilateral periferik konsolidasiya varsa, KT müayinəsi lazım olmaya bilər. Ağciyərlər rentgen müayinəsi ilə izlənə bilər. Ağciyərlərin rentgen şəklində qeyri-müəyyən və ya viral pnevmoniya baxımından tipik olmayan əlamətlər varsa, KT müayinəsinin zəruriliyinə klinik-radioloji dəyərləndirmə ilə qərar verilməlidir.

COVID-19 şübhəsi daşıyan hamilələrdə KT üçün dəqiq bir əks göstəriş olmamasına baxmayaraq, KT-dən mümkün qədər çəkinmək tövsiyə olunur. KT məcburi olduğu hallarda isə xəstədən izahlı razılıq alınaraq, mümkün olan ən aşağı şüalanma dozası ilə və lazımi döl qoruma tədbirləri tətbiq olunaraq müayinə aparılmalıdır. KT müayinəsi aparılmayan hamilələrdə diaqnoz anamnez və digər müayinələrə əsasən dəqiqləşdirilir.

KT müayinəsində istifadə olunan cihazın texniki göstəriciləri və xəstənin fiziki xüsusiyyətləri imkan verən qədər şüalanma dozası azaldılır. Bu zaman şüalanma dozasının diaqnostik keyfiyyətə təsir etməyəcək şəkildə azaldılması tövsiyə olunur. Bu hal, şüalanmaya daha həssas olan uşaqlarda, gənc şəxslərdə xüsusilə önəmlidir. 50 yaşından aşağı olan xəstələrdə KT müayinə mümkün qədər aşağı şüalanma dozası ilə aparılmalıdır.

COVID-19 pnevmoniyası üçün aparılan KT-lərdə əksər hallarda intravenoz kontrast maddə tələb olunmur. Əgər pulmonar emboliya şübhəsi kimi kontrast maddə istifadəsini tələb edən bir göstəriş varsa, venadaxili kontrast maddə istifadə edilir. 20 yaşdan aşağı şəxslərdə KT müayinəsindən çəkinmək lazımdır. Çarpaz yoluxmanın qarşısını almaq üçün hər xəstədən sonra KT cihazı müvafiq şəkildə təmizlənməlidir.

COVID-19 diaqnozu qoyulan simptomatik xəstələrdə, döş qəfəsinin rentgenoqrafiyasında və ya ağciyərlərin KT müayinəsində viral pnevmoniya diaqnozu qoyulmuş simptomatik xəstələrdə və təsdiqlənmiş koronavirus diaqnozu qoyulmuş, risk qrupunda olan xəstələrdə müalicəni dərhal başlamaq tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top