Vaxtında qaytarılmayan kreditlərin məbləği AÇIQLANDI – 2014-cü ildən sonra ilk dəfə…


Bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyard 681,3 milyon manat kredit verilib.
Yeniavaz.com
-un Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 2,9% və ya  435,1 milyon manat azalıb. Verilən kreditlərin həcmi ilə bərabər problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin də həcmi azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin dekabr ayının əvvəlinə problemli kreditlərin həcmi 487,5 milyon manat və ya 34,6% azalaraq 922,9 milyon manata düşüb.
Qeyd edək ki, ötən ilin dekabrın əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 9,3% paya malik olsa da, bu ilin dekabrın 1-də 6,3%-ə düşüb. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya 2014-cü ildən sonra ən aşağı səviyyəyə düşüb. 
Onu da bildirək ki, milli valyutada verilən 10 milyard 272,8 milyon manatlıq kreditlərin 655,9 milyon manatı, xarici valyutada verilən 4 milyard 408,5 milyon manatlıq kreditlərin isə 267 milyon manatı vaxtında geri qaytarılmayıb.
Məlumat üçün bildirək ki, problemli kreditlərin azalmasının əsas səbəbi yola salmağa hazırlaşdığımız 2020-ci ildə 4 bankın - “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyalarının Mərkəzi Bank tərəfindən ləğv edilməsi səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top