Prezidentin təltif etdiyi general kimdir?


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

Təltif olunanlar arasında general-mayor Tofiq Hüseynov da var.

General-mayor Tofiq Hüseynov Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanı general-leytenant Şahin Məmmədovun 1-ci müavini - Qərargah rəisidir.

Tofiq Hüseynov 1 fevral 1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib.

1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət edib.

2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri vəzifələrində çalışıb.

2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli Sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə, 15 fevral 2018-ci il tarixli 3681 nömrəli Sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilib.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.

Prezidentinin 10 mart 2010-cu il tarixli və 11 mart 2020-ci il tarixli Sərəncamları ilə “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

9 mart 2018-ci il tarixli 3768 nömrəli sərəncam ilə “general-mayоr” hərbi rütbəsi alıb.

Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top