Polad Həşimovun öz qol saatını hədiyyə etdiyi şəhidimiz Cavid Hüseynov - VİDEO


Cavid Hüseynov da Vətən Müharibəsində xüsusi iz qoyan qəhrəmanlarımızdan biridir.
Yeniavaz.com
xəbər verir ki, Cavid Hüseynov 12 dekabr 1993-cü ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 2001-ci ildə rayonda orta məktəbə daxil olub. 2011-ci ildə məktəbi bitirib. 2012-ci ildə hərbi xidmətə yollanıb. Lənkəranda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində qulluq edib. Hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini Milli Orduya təqdim edərək, müddətdən artıq hərbi qulluqçu kimi Tovuz rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin Təlim-tədris Mərkəzinə (TTM) daxil olaraq kursu müvəffəqiyyətlə bitirib.
Cavid Hüseynov 21 ölkə arasında beynəlxalq idman oyunları üzrə snayper kimi fərdi olaraq 1-ci yerə, ölkə olaraq 2-ci yerə layiq görülüb.


Şəhidin haqqında Yeniavaz.com-a danışan atası Hümbət Hüseynov Polad Həşimovun Cavidə qarşı münasibətini də dilə gətirib. Onun sözlərinə görə general-mayor Polad Həşimov Cavidin Şəmkir korpusundan Bakıya aparılmasına etiraz edərək, onun öz yerində qalmasını istəyib. Cəsarətinə görə onlar görüşdükləri vaxt hətta general öz qolundakı saatını çıxararaq Cavidin qoluna bağlayıb:
"Cavidin əvvəlcədən general Həşimova və Mübariz İbrahimova qarşı xüsusi rəğbəti var idi. General şəhid olandan sonra bu rəğbət daha da artmışdı. Cavid generalın yanında olanda iki dəfə Belarusiyada yarışa gedib. Ordan gələndən sonra rəhmətlik Polad Həşimov öz yanına çağırıb. Cavidə qol saatını da elə onda hədiyyə etmişdi".
Şəhidin atası deyir ki, Cavid işğaldan azad olunan rayonların alınmasında yaxından iştirak edib:
"Cavidgilin qrupu bütün rayonların alınmasında iştirak ediblər, amma Cavid bircə Şuşaya girə bilməyib. Çünki Şuşa alınmamışdan 10 gün əvvəl Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub".
Cavid Hüseynovun atası deyir ki, onun yanına gələn Cavidin döyüş yoldaşları bəlkə bir də 20 ildən sonra Cavid kimi hərbçinin dünyaya gələcəyini qeyd edirlər:
"Döyüşlərdən birində Cavidgilin qrupu kəndi boşaltmaq üçün hücuma keçib. Həmin vaxt Cavidin qrupundan bir uşaq şəhid olub. Ümumiyyətlə döyüşlərdə də əsas aparıcı qüvvə snayper olduğuna görə döyüş yoldaşları Caviddən həmin an irəli çıxmaq üçün onları qorumasını istəyib. 15 dəqiqə sonra sakitlik yaranıb. Yoldaşlarına da deyib ki, arxayın olun vurmuşam hamısını. Hansını hansı nöqtədən vurub onun yerini də dəqiqliklə deyib. Uşaqlar gedib baxanda görüblər ki, Cavid dediyi kimi hansı nöqtədə, haradan yaraladığını deyibsə, elə də olub. Sonra düşmən tərəf qrupu minaatanlarla aramsız atəşə tutub. Həmin vaxt bölgəyə “snaryad” düşüb. Cavid də orda yaralanıb. Düşmən tərəfdən hücum o qədər davamlı olub ki, qrup Cavidi yaralandığı yerdən çıxarmağa imkan tapa bilməyib. 10 dəqiqə sonra uşaqlar Cavidə yaxınlaşmaq istəyəndə “snaryad”ın biri də düz Cavidin yanına düşüb... Döyüş yoldaşları çətin də olsa Cavidi döyüş meydanından çıxarıblar. Həmin vaxt huşu özündə olub hətta, digər əsgər yoldaşlarını da soruşub. Yoldaşları cavabında hamının yaxşı olduğunu deyib. Cavid təcili olaraq avtomobilə çatdırılıb ancaq, şəhid olub".
Evin tək oğlu olan Cavidin atası Hümbət Hüseynovun Ali Baş Komandan İlham Əliyev və xanımı Birinci Vitse-prezident Mehriban Əliyevadan bir istəyi olduğunu da bildirib:
"Mənim nəyim var idi hamısı getdi. İndi Mehriban xanımdan da, ölkənin prezidenti İlham Əliyevdən də bir xahişim var. Mənim balama Milli Qəhrəman adı verilsin. Mənim balam bu ada layiqdir. Başqa heç nə istəmirəm".






DİGƏR XƏBƏRLƏR

Top