Qanunsuz protokol tərtib edən BDYPİ məhkəmə qərarını icra etmir - TƏFƏRRÜAT


Bakı şəhər Nizami rayon sakini Məmmədli Ürfan Məlik oğlu, Dövlət Yol Polisi tərəfindən ona yazılan protokolun ləğv olunması ilə bağlı məhkəmə qərarının icra edilmədiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən Ü. Məmmədli bildirir ki, işin icrası sentyabrın 23-də, yəni 3 ay əvvəl Yasamal rayon İcra və probasiya şöbəsinin əməkdaşı Babayev Bəxtiyar Natiq oğluna həvalə olunsa da, hələ də icra edilməyib:
“Bu il iyun ayının 30-da Nizami rayonu ərazisində Mehdi Abbasov və Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairəvi avtomobil yolunda DYP əməkdaşları idarə etdiyim 90-UA-923 nömrə nişanlı, “Mercedes” markalı avtomobili saxlayıb, məni yol hərəkəti qaydalarını pozmaqda ittiham edərək haqqımda protokol tərtib etdilər. Hər nə qədər hər hansı bir qaydanı pozmadığımı bildirsəm də, buna məhəl qoymadılar. 10 iyul tarixində isə protokol qüvvəyə mindi. İyul ayının 17-də Nizami Rayon Məhkəməsinə qərardan şikayət verdim. Avqust ayının 17-də məhkəmə şikayətimi təmin etdi və qərarın ləğv olunması haqqında hökm çıxardı. Qarşı tərəf nəticə ilə bağlı yuxarı instansiya məhkəməsinə müraciət etmədi və qərar sentyabr ayının 10-da icra olunması üçün Yasamal rayon İcra və probasiya şöbəsinə göndərildi. 13 gün sonra isə qərar “e149264/220-53-31” nömrəsi ilə icra şöbəsi tərəfindən qeydiyyata alındı və icra edilməsi üçün şöbənin əməkdaşı Babayev Bəxtiyar Natiq oğluna həvalə edildi. Lakin həmin tarixdən indiyə qədər məhkəmənin qərarı icra edilməyib. İcra məmuru ilə əlaqə saxlasam da, heç bir xeyri olmayıb. Mənə deyir ki, bununla bağklı Baş Dövlət Yol Polisi İdarəsinə məktub ünvanlamışam. Lakin onun vəzifəsi qərarı icra etməkdir. Nə yazılan protokola görə ödədiyimi 100 manat mənə qaytarılıb, nə də ki, 4 bal cəriməm silinib”.
Məsələ ilə bağlı Yasamal rayon İcra və probasiya şöbəsinin əməkdaşı Bəxtiyar Babayevlə əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, burada bütün məsuliyyət Baş Dövlət Yol Polisi İdarəsinin üzərindədir:
“Ümumiyyətlə 2 ay ərzində biz bütün məcburedici hərəkətləri həyata keçirməliyik. Bizə məhkəmə qərarı gəlib, biz də cəriməni ləğv etməsi üçün 3 dəfə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişik. İcra edilməyib. Xəbərdarlıq məktubu yazmışıq. Burada məsuliyyət artıq Bakı Şəhər Baş Polis İdarəsindədir. Burada bizlik heç nə yoxdur. Biz sadəcə məktub göndəririk ki, qərarı icra edin. Onlar da icra edib bizə məlumat verməlidirlər”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Tanınmış vəkil və hüquqşünas Araz Yusifov isə məsələ ilə bağlı bildirdi ki, burada Nizami Rayon Məhkəməsi xətaya yol verib:
“Məhkəmə protokolun ləğv edilməsi ilə bağlı hökm verirsə bunun icrasını icra məmuru etməməlidir. Əslində məhkəmə səhvə yol veribdir. Çünki sırf inzibati xəta haqqında qərardan icra vərəqəsi verilməyi qanunvericilikdə nəzərdə tutulmayıb. Qərar birbaşa həmin qurumun özünə, yəni Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qurum isə bunu nəzərə alıb protokolu sistemdən silməlidir. Burada icra məmuruna aid bir məsələ yoxdur. Vətəndaş məhkəməyə müraciət etməlidir ki, protokolun ləğv olunması barədə qərar qəbul etsəniz də, bu barədə protokolu tərtib edən quruma məlumat verməməsiniz. Bu, praktikada da belədir. Vətəndaş ərizə ilə məhkəməyə müraciət etsin, məsələ həllini tapacaq”.

DİGƏR XƏBƏRLƏR

Top