Qazinin atası sosial şəbəkələrdə yayılan məsələyə aydınlıq gətirdi - FOTOLAR


Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək yaralananlardan biri də 24 yaşlı Quliyev Elvin Davud oğludur. Elvin könüllü olaraq müharibədə iştirak edən əsgərlərimizdəndir və elə ilk günlərindən döyüşlərdə iştirak edib.
Yeniavaz.com
-a danışan 24 yaşlı qazimiz Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralandığını bildirdi: “Sentyabrın 27-dən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Ən ağır döyüşlər də məhz burada getdi. Növbəti ayın 29-a qədər biz həmin istiqamətdə qaldıq. Kəndlər alınandan sonra isə Hadrut istiqamətinə yola düşdük. Oradan da Xocavəndin Tuğ kəndinə getdik və möhkəmlənmək üçün özümüzə mövqe seçdik. Mövqeyimizi bərkitdik və səhəri gün atışma başladı. Həmin ərəfələrdə yanıma “minamyot” mərmisi düşdü və yaralandım. Qəlbəsi ayağımın üç barmağını və pəncə hissəsini apardı, sol tərəfimdə 35 sm uzunluğunda yara var idi, hətta qabırğalarım da görsənirdi. Eyni zamanda sol ağ ciyərim, böyrəyim zədələndi, dalağımı kəsib götürdülər. Bağırsağım isə hal-hazırda bədənimdən kənardadır, yanvar ayının sonlarında yenidən əməliyyat olunmalıyam. Bədənimdə olan bütün qəlpələr çıxarılıb, lakin müxtəlif nayihələrimdə yara izləri qalıb”.
Qarabağ qazisi Elvinin atası Davud  Quliyev saytımıza açıqlamasında heç bir maddi dəstəyə ehtiyaclarının olmadığını bildirdi: “Elvin döyüşlər zamanı ağır yaralanmışdı. Xəstəxanada qaldı, müalicələri davam etdi. Hal-hazırda isə evdədir və gəzə bilir. Hətta həkimlər mənə demişdilər ki, 5 gün yaşasa, yaşayacaq. Bizim də ümidimiz yox idi. Şükür ki, sağ-salamat yanımızdadır. Amma danılmazdır ki, Elvini həkimlərimiz sağaltdı, dövlətimiz baxdı və hər bir şəraitlə təmin edildi. Sosial şəbəkələrdə yazılanlardan bizim xəbərimiz yoxdur. Mənəvi dəstək olmaq üçün şəkil paylaşa bilərsiniz, amma bizim maddi cəhətdən köməyə ehtiyacımız yoxdur. Maddi dəstəyə ehtiyacı olan, qazi və şəhid ailələri var. Hansı ki, kirayədə qalırlar, ödəniş edə bilmirlər. Yardım etmək istəyənlər, həqiqətən ehtiyacı olan ailələrə yardım etsinlər. Bizim ehtiyacımız yoxdur”.



 

DİGƏR XƏBƏRLƏR

Top