İcra Hakimiyyəti 133 min manat borcu olan şirkəti 196 min manatlıq tenderin qalibi etdi - MÜƏMMA


İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalib “Parlaq-N” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi məlumatda “Parlaq-N” MMC-nin İcra Hakimiyyətinin 3 lot üzrə keçirdiyi və ümumi məbləği 196 min 42 manat 94 qəpik olan tender müsabiqələrində qalib gəldiyi bildirilir.
“Parlaq-N” MMC İsmayıllı şəhəri, Şəhidlər Xiyabanı və Heydər Əliyev adına parkda cari təmir işləri üçün  29 min 892 manat 94 qəpik, İsmayıllı şəhəri N.Tusi küçəsində, modul tipli xəstəxananın ərazisində, RİH binası qarşısında yerləşən mərkəzi meydanda, Babək küçəsində və şəhərin giriş hissəsində həyata keçiriləcək abadlıq işləri üçün 116 min 100 manat, İsmayıllı şəhəri, N.Tusi küçəsinin abadlaşdırılması işlərinin aparılması üçün 50 min 50 manat alacaq.
Açıqlanan məlumatda “Parlaq-N” MMC-nin VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) nömrəsi “5400938581” olaraq göstərilsə də, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Parlaq-N” MMC-nin VÖEN nömrəsi “1002432951” olaraq qeyd olunub. 
Hüquqi ünvanı Füzuli rayonu, Horadiz şəhəri, Xanlar, ev 5 olaraq göstərilən “Parlaq-N” MMC 18.01.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. 20 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Ağabala Mirbəkir oğludur. 
MMC ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, dekabr ayında açıqlanan məlumatda bu şirkətin Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsinin qazanxana-istilik sistemlərinin alınması ilə bağlı elan etdiyi 2,025 milyon manatlıq tenderinin qalibi olması və həmin dövürdə dövlət büdcəsinə 191 min 501 manat vergi borcunun olması ilə bağlı olub. 
Maraqlıdır ki, dünənə olan (22.12.2020) rəsmi məlumatda “Parlaq-N” MMC-nin dövlət büdcəsinə 132 min 981 manat 10 qəpik borcunun olduğu göstərilir.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“Parlaq-N” MMC-nin iştirak etdiyi sonuncu tender müsabiqəsi ilə bağlı sənəd qəbulu 2 gün əvvəl – 21 dekabr tarixində sona çatıb. Əgər 2 gün əvvəl şirkətin vergi borcu olmayıbsa, o zaman 133 min manatlıq borc son 1 gündə necə yaranıb?

DİGƏR XƏBƏRLƏR

Top