Xankəndi, Xocalı və Xocavəndlə bağlı əhalinin rəyi necədir? - SORĞU

Azərbaycanda əhalinin 81 faizi 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərləri arasında imzalanmış birgə bəyanatdan məlumatlıdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən müharibəsi mövzusundakı brifinqdə deyib.

Məlumatlılığı ölçmək məqsədilə aparılan sorğu nəticəsində, məlumatlı əhalinin 42 faizi tam məlumatlı olduğunu bəyan edib. O cümlədən, 38,5 faizi qismən məlumatlı, 19,1 faizi isə dərin məlumatının olmadığıni bildirib.

Eləcə də, 86 faiz respondent 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanat barədə bütün məqamların onun üçün aydın olduğunu qeyd edir. Məlum sənəddə 14 faiz respondent üçün aydın olmayan müddəa və məqamlar var. Bəyanatla bağlı əhalinin bir qismi, yəni, 14 faizi Xankəndi, Xocalı, Xocavənddə azərbaycanlılar və ermənilərin birgə yaşayışı, o cümlədən, sülhməramlı qüvvələrin burada yerləşməsi ilə bağlı onun üçün müəyyən sualların olduğunu qeyd edib.

Respondentlərdən 75 faizi informasiya vasitələrindəki şərhlər əsasında bəyanatın aydın olduğunu qeyd edib, 7 faiz insanımız isə onun üçün qaranlıq, qeyri-müəyyən müddəaların olduğunu bildirib.

Bəyanatın ictimai-siyasi ifadəsi ilə bağlı məsələlərdə qeyd olunub ki, rəyi öyrənənlərin əhəmiyyətli hissəsi, yəni, 60 faizindən çoxu Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan birgə bəyanatın Azərbaycan Respublikasının Prezidentinin diplomatik bacarığını ifadə etdiyini qeyd edir. 

Sülh sazişini hərbi qələbəmizin siyasi ifadəsi kimi qiymətləndirənlərin sayı 21 faizdir.

Qeyd edək ki, sorğu 1-4 dekabr tarixlərində 603 respondent arasında təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Top