Həkim: “Covid-19-un mutasiyaya uğrayan yeni növü daha sürətlə yayılır”


Xəbər verdiyimiz kimi Böyük Britaniya, Niderland, Danimarka və Avstraliyada koronavirus mutasiyaya uğrayaraq yeni forması yaranıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən infeksiyanın yeni növü daha sürətli yayılır amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair hələ ki, sübutlar yoxdur.
1 nömrəli Sumqayıt şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Telman Kəlbəliyev Yeniavaz.com-a açıqlamasında Covid-19-un mutasiyaya uğrayaraq yaranan yeni növünün təhlükəli ola biləcəyini qeyd etdi: “İndiki virusda bilirik ki, yoluxma necə olur, hansı əlamətlər, şikayətlər, ağırlaşmalarla özünü göstərir və ona uyğun təcrübələrimizdə əldə etdiyimiz müalicə tədbirləri görürük. Mutasiyaya uğrayan virusun isə hansı kliniki əlamətlərlə özünü göstərəcəyini, hansı dərmanlara qarşı həssas olacağını bilmirik. Yalnız bildiyimiz, bu virusun Covid-19-la müqayisədə daha sürətlə yayılmasıdır. İnşallah vaksinasiya, karantin tədbirləri görüləndən sonra Covid-19 xəstəliyinin gedişatı azaldacaq və insanlar arasında immunitet yaranacaq ən sonda isə sıfıra düşəcək”.
Həkim eyni zamanda insanlarda koronavirus vaksinlərinə qarşı olan inamsızlıq məsələsinə də aydınlıq gətirdi: “Vaksinlər hələ ki, bizim ölkəyə gəlib çatmayıb. Qardaş Türkiyə vaksinasiya prosesinə hazırlaşır. Onlar istifadə etdikdən sonra isə biz alacağıq. Çinə nəzər yetirsək, onlarda peyvəndləmə olduqdan sonra yoluxma sayı aşağı düşdü və nadir hallarda yeni yoluxmalara rast gəlinir. Hər halda vaksinasiya lazımdır. 1990-cı illərdə respublikada difteriya xəstəliyi çox yayılmışdı. Bu zaman da ölüm halları çox oldu, zərdabı tapılmırdı və çətinliklə əldə olundu. Daha sonra kütləvi vaksinasiya aparıldıqdan sonra xəstəlik sıfıra endi. Ona görə, koronavirusda da vaksinasiya mütləqdir”.

DİGƏR XƏBƏRLƏR

Top