Covid-19 ilə mədə-bağırsaq xəstəliklərini necə ayırd edək? - HƏKİM AÇIQLADI


Covid-19 xəstəliyi ortaya çıxan gündən, onun tənəffüs yollarını zədələdiyi artıq sübuta yetirilmişdir. Lakin bu infeksiya yeni olduğu üçün  çoxtərəfli və hətta özünəməxsus xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Belə ki, zaman keçdikcə aparılan araşdırmalarda virusun tək tənəffüs yollarını deyil, eyni zamanda sinir və mədə-bağırsaq sistemini də zədələdiyi məlum olub.
Mövzu ilə bağlı qastroenteroloq-hepatoloq Dr.Ülvi Maçanov-un Yeniavaz.com-a müsahibəsini təqdim edirik: 
- Ülvi doktor, siz bir yazınızda qeyd etmisiniz ki, Covid-19 xəstəliyi həm də mədə-bağırsaq xəstəliyidir. Covid-19 tənəffüs sisteminin xəstəliyi deyilmi?
- Covid-19 xəstəliyinin ən çox zədələdiyi sistem tənəffüs sistemidir. Amma ağciyərdən sonra ən çox zədələnən orqanlar mədə-bağırsaq sistemidir. Eyni zamanda tənəffüs sisteminin, xüsusən də ağciyərlərin zədələnməsi pnevmoniyaya (sətəlcəm) və o cümlədən ölümə gətirib çıxarır. Covid-19 xəstəliyində mədə-bağırsaq sisteminin zədələnməsi bu qədər ağır fəsadlara yol açmır. Covid-19 tənəffüs, həzm sistemindən başqa, qan damarlarını, sinir sistemini, duyğu üzvlərini də zədələyir. Buna görə də deyə bilərik ki, Covid-19 tək tənəffüs sisteminin deyil, bütün orqanizmin xəstəliyidir.
- Covid-19 xəstəliyinin yaratdığı mədə-bağısaq əlamətləri (simptomları) hansılardır? ​
- Covid-19 xəstəliyinin əlamətlərini rast gəlmə tezliyinə görə yuxarıdan-aşağıya doğru sıralasaq, siyahı bu şəkildə olacaq: hərarət, öskürək, halsızlıq, baş ağrısı, oynaq-əzələ ağrıları, boğaz ağrısı, ishal, iştahsızlıq, ürəkbulanma, qusma, qarın boşluğunda ağrılar, konyuktivit (gözdə qızırma), dad və ya qoxu itkisi, dəridə səpgilər, barmaq uclarında rəng dəyişikliyi, nəfəs almaqda çətinlik və ya nəfəs darlığı, sinə ağrısı və ya həmin nahiyəyə təzyiq hissi, danışma və ya hərəkət itkisi. Diqqət etsəniz, burada daha çox mədə-bağırsaq sisteminin xəstəliklərinə xas olan ishal, iştahsızlıq, ürəkbulanma, qusma, qarın boşluğunda ağrılar kimi əlamətlər ön sırada durur. Yuxarıda dediklərimizi elmi-tədqiqatlara əsaslanan rəqəmlərlə ifadə etsək: ABŞ-da Covid-19 xəstəxanasına yerləşdirilmiş 318 yetkin xəstəni əhatə edən bir elmi araşdırmada, koronoviruslu pasientin 110-da (35%) iştahsızlıq, 107-də ​​ishal (34%) və 84-də ürəkbulanma (26%) şikayətləri müşahidə edirik. Eyni zamanda Çində aparılmış başqa tədqiqatda Covid-19 diaqnozu qoyulmuş 204 xəstənin 103-də ( 51%) ən az bir həzm simptomu bildirilirdi və ən çox bildirilən simptomlar iştahsızlıq və ishal idi.
- Siz bəzən mədə-bağırsaq sistemi, bəzən həzm sistemi deyirsiniz. Bunlar arasındakı fərq nədir?
- Mədə bağırsaq sistemi dedikdə qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq nəzərdə tutulursa, həzm sistemi dedikdə buraya qaraciyər, mədəaltı vəzi, öd yolları da əlavə olunur.
- Covid-19 xəstəliyində həzm sistemi orqanlarından olan qaraciyər və mədəaltı vəzi zədələnirmi?
- Bəli, bu xəstəlikdə qaraciyər və mədəaltı vəzi zədələnə bilər. Belə ki, Covid-19 diaqnozu təsdiqlənmiş xəstələrin 58%-də qaraciyərin laborator göstəriciləri olan ALT, AST-nin, 17%-də isə mədəaltı vəzin laborator göstəricisi olan amilaza, lipazanın yüksəlməsini görürük. Yəni bu xəstəlik zamanı qaraciyərin, mədəaltı vəzin zədələnməsi də obyektiv olaraq müşahidə olunur. Yuxarıda qeyd etdiyimiz elmi tədqiqatlara əsaslanaraq deyə bilərik ki, Covid-19 diaqnozu qoyulmuş üç xəstədən birində, bəzi hallarda isə iki xəstədən birində həzm sisteminin zədələnməsi müşahidə olunur. Yəni bu xəstəlikdə tənəffüs sistemindən sonra ən çox zədələnən mədə-bağırsaq traktıdır. Eyni zamanda Covid-19 xəstəliyi endokrin sistemini, ürək-damar sistemini və sinir-sistemini, duyğu üzvlərini də zədələyir.
- Sizə yalnız mədə-bağırsaq şikayəti ilə müraciət etmiş Covid-19 xəstələri olurmu?
- Çox yaxşı sualdır. Əslində elə məlum yazını mən buna görə yazmışdım. Misal üçün ürəkbulanma, qusma, iştahsızılıq, qarında ağrı və bir neçə bu kimi şikayətlər ilə xəstə müraciət edir. Diqqət etsəniz, görərəsiniz ki, heç bir tənəffüs sistemi əlaməti yoxdur. Dərindən araşdırdıqda məlum olur ki, Covid-19 xəstəsidir. Burada xəstə bəzən həkimi yanıldır. Qızdırma olmasını qəsdən gizlədir və ya həkimə gəlməmişdən qabaq düzgün ölçmür və qeyd edir ki, müraciət edənə qədər qızdırması olmayıb. Xəstələr əsasən günün birinci yarısı həkimə müraciət edirlər və günün birinci yarısında xəstələrdə hərarət yüksək olmur. Elə bu məsələ də diaqnozun yanlış qoyulmasına gətirib çıxarır. Amma bu problem bütün dünyada var. ABŞ-da aparılımış bir araşdırmada Covid-19 diaqnozu qoyulmuş 1141 pasientdən 183-ü (16%) tənəffüs şikayətləri olmadığı halda mədə-bağırsaq simptomları ilə (məsələn, ishal, ürək bulanması, qusma) müraciət etməsi qeyd olunmuşdur. Sadəcə biz həkimlərin üzərinə diqqətli olmaq, xəstələrimizə isə şikayətlərini düzgün söyləmək məsuliyyəti düşür.
- Bəs nəyə görə Covid-19 xəstəliyi ən çox tənəffüs və həzm sistemini zədələyir? ​
- Covid-19 virusu (SARS-CoV-2) angiotenzin çevirici ferment-2-nin reseptorlarından (ACE-2) “qapı” kimi istifadə edərək hüceyrəyə keçir. ACE-2 reseptorları, yəni bu “qapılar” ağciyərdən sonra ən çox mədə-bağırsaq sistemində, ondan da az isə qan damarlarının daxili divarında (endotel qişasında) olan hüceyrələrdə yerləşir.
- Yalnız Covid-19 xəstəliyinin formalaşdırdığı mədə-bağırsaq əlamətləri ilə müraciət edən pasientlərdə somatik həzm sisteminin xəstəliklərini necə inkar etmək olar və ya ilkin olaraq Covid-19 xəstəsi olmasını necə təsdiq etmək olar?
- Mədə-bağırsaq şikayəti ilə müraciət edən pasientlərdəki əlamətlər Covid-19 xəstəliyinin formalaşdırdığı simptomlar ola bilər. Həzm sisteminin somatik xəstəliklərini infeksion xəstəliklərdən, o cümlədən Covid-19-dan fərqləndirən əsas əlamətlər isə qızdırma və halsızlıqdır. Bir məqamı unutmaq olmaz ki, bəzi həzm sisteminin somatik xəstəliklərində ikincili olaraq infeksiya qoşulmaqla qızdırma əlamətini də müşahidə edə bilirik. Sadəcə biz həkimlərin üzərinə diqqətli olmaq, xəstələrimizə isə şikayətlərini düzgün söyləmək məsuliyyəti düşür.

DİGƏR XƏBƏRLƏR

Top