100-ə yaxın erməni hərbçisini məhv edən şəhid leytenant - Orxan Nəbiyev


Orxan Nəbiyev Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən  Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman zabitlərindən biridir. 
O, 1995-ci il yanvarın 20-də anadan  olub. 2001-ci ildə orta məktəbə daxil olub. 2012-ci ildə orta məktəbi qurtararaq ADPU-nun Şamaxı filialına daxil olub. 2016-cı ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. XTQ-nin əsgəri olub. 2017-ci ildə hərbi xidmətini başa vuraraq kurs keçib. Bundan sonra leytenant rütbəsini alıb. 
Orxanın qardaşı Əmirxan Nəbiyev onunla bağlı Yeniavaz.com-a danışıb. Əmirxan Nəbiyev deyir ki, bir çox istiqamətlərdə qardaşı ilə birgə döyüşüb:
"Mən könüllü idim, ayrı-ayrı  hərbi hissələrdəydik. Orxan komandir, mən əsgər idim. Çox vaxt fərqli istiqamətlərdə olsaq da, eyni istiqamətlərdə də döyüşümüz olub. Eyni istiqamətlərdə olanda belə bir-birimizi görmürdük. Amma Suqovuşan istiqamətində gedən döyüşdə Allah yolumuzu kəsişdirdi. Olduğumuz hər yerdə sona qədər döyüşürdük. Daha sonra biz ikimiz taborla bir yerdə oradan istirahət üçün Talışkəndə getdik. Döyüşlərdə o qədər fəal, cəsur və qorxmaz idi ki, komandanlıq ona qorxmaz leytenant adı vermişdi. Mən Orxanı döyüşdə özüm öz gözlərimlə gördüm.  Orxan başqa idi, ölümə dik baxırdı. Qorxusu yox idi. Ən əsası da mərd idi. Orxanın dəfninə gələn döyüş yoldaşları da ən çox onun mərdliyindən danışırdı. Tabor komandiri deyirdi ki, Orxan ermənini  öldürmürdü, biçirdi. Orxanın əsgərdən qabaq döyüşə girib, ən son çıxdığından danışırdılar. Qardaşım bir qayda olaraq irəli yox, ardımca əmrini verərdi". 
Əmirxan Nəbiyev bildirdi ki, Orxanın 482 adlandırılan yüksəkliyin alınmasında, Talışkənd və Suqovuşanın azad olunmasında aparıcı rolu olub:
"Orxan şəhid olana kimi 7 döyüşdə iştirak edib. Yeznequmer adlandırılan istehkamın alınması vaxtı ora ilk Orxan və Mühiddin adlı əsgəri Suqovuşan istiqamətindən girib. Saat yarım sonra bölmələr gəlib onlara çatıb. Uşaqlar deyir ki, həmin istehkamı heç bir texnika, heç bir silah dağıda bilməzdi. Orda çox igidliyi olub. Əsgər yoldaşları ilə birgə “Vişka” adlanan yerdə də çətin döyüşü olub. Həmin yerdə gecədən səhərə kimi düşmənlə döyüşüblər. Səhər onlara oradan çıxmaq əmri verilib. Orxanın göstərişi ilə onlar oradan körpünün üstü ilə yox, tunellər vasitəsilə sürünə-sürünə çıxıblar. Həmin döyüşdə Orxan bütün əsgərlərini döyüş bölgəsindən çıxarandan sonra özü gəlib ki, heç birinə bir şey olmasın. O, döyüşdən qayıdandan sonra hərbi hissənin qərargah rəisi və tabor komandiri Orxana təşəkkür edərək “aslan” adlandırıblar. Deyiblər ki, o istehkamı dağıtmaq çox müşkül məsələ idi, amma sən bacardın. Ondan sonra da Orxangilin bir neçə ardıcıl qələbələri olub. Orxanın 482 adlandırılan yüksəkliyin alınmasında, Talışkənd və Suqovuşanın azad olunmasında da aparıcı rolu olub. Əsgər yoldaşları onun 82-dən çox erməni öldürdüyünü deyir. Bir söz deyim sizə Orxan tək bizim yox, bütün Azərbaycanın fəxridir. Bizim Nəbiyevlər ailəsi olaraq cənab Ali Baş Komandandan bir istəyimiz var. Bizim şəhidimizə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Vətən Müharibəsi Qəhrəmanı adı verilsin".
Qeyd edək ki, Orxan Nəbiyev oktyabrın 14-ü Suqovuşanda Yeznequmer adlı yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.





Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top