“Din ticarəti ilə məşğul olanın dini yoxdur!” - Əl-Kindi


Kindi fəlsəfəyə qarşı olan insanlara din və fəlsəfənin bir-birinə zidd olmadığını söyləmişdir. Kindi, Uca Allahın (c.c) İslam dinini Həzrət Muhammədə (s.ə.s) vəhy yolu ilə göndərdiyini açıq şəkildə ifadə edir. Bu minvalla Kindiyə görə, din Uca Allah (c.c) tərəfindən Həzrət Muhammədə (s.ə.s) göndərilən həqiqətlərin məcmusudur.
Yeniavaz.com
xəbər verir ki, Kindi fəlsəfəsində diqqət çəkən vacib məqamlardan biri din və fəlsəfə arasında qurduğu əlaqədir. Kindiyə görə, din həqiqəti ifadə etdiyi halda, fəlsəfə həqiqəti axtarır. Kindi düşüncəsində din və fəlsəfə “iki qardaş” kimidir. Din "böyük qardaş", fəlsəfə isə dinin xidmətində olan “kiçik qardaş”dır. Qardaşlar arasında ortaq nöqtələr çox, fərq isə çox azdır.
Kindiyə görə, din və fəlsəfənin ortaq mövzuları olduğu kimi, bir-birindən fərqli mövzulara da sahibdirlər. Misal üçün, fəlsəfə sahəsində ibadət mövzusu yoxdur. Ancaq dinin əsas mövzularından biri ibadətdir. Fəlsəfə ağılın necə işləməsindən bəhs etdiyi halda, din ağıldan istifadə etməyə çağırır. Fəlsəfə insanın bilgi əldə etmə yollarından danışarkən, din insana doğru bilgini verir. Fəlsəfə varlıqların meydana gəlmələri, böyümələri, ölmələri, toprağa qarışmaları, şəkil dəyişdirmələri və s. (kövn və fəsad) bəhs etdiyi halda, din eyni mövzuda varlıqların yaranmasından danışır.
Ərəb biblioqrafiya alimi və məşhur əl-Fihrist əsərinin müəllifi İbnun-Nədim (935-990) Kindi haqqında belə demişdir: “Kindi qədim elmlərdə dərin biliyiə sahib olan, dövrün alimi və hökmdar nəslindən gələn bir müsəlman ərəb filosofudur”. Kindi tərcümələr yolu ilə İslam dünyasına daxil olan yunan, fars və hind fəlsəfələrini dərindən öyrənmişdir.
Kindi orta əsrlərdə latın dilinə tərcümə edilən kitabları sayəsində Avropada “Alchindus” olaraq tanınmışdır. İtalyan filosofu və riyaziyyatçısı Cerolamo Kardano (1501-1576), “De subtilitate” (İncəliklər haqqında kitab) adlı əsərində dünyaca məşhur on iki alim və filosofdan biri olaraq Kindini də zikr etmişdir.
Kindi “Fəlsəfi risalələr” əsərində: “Bir şeyin ticarəti ilə məşğul olan şəxs onu satar, satdığı isə artıq onun deyildir” müddəasını irəli sürür. Bununla da o din tacirliyi edən şəxsləri nəzərə verərək onların dininin olmadığını vurğulayır. Bu müddəa həm öz dövründə, həm də sonralar din, əxlaq və məntiq baxımından doğru hesab edilmişdir.

Tərcümə fəaliyyətlərinə verdiyi töhfə
Abbasilər dövləti əldə etdiyi siyasi və iqtisadi gücü ilə yanaşı elm sahəsindəki çalışmalara da dəstək verməyə başlamışdır. Belə ki, miladi 830-cu ildə Bağdadda İslam elm və mədəniyyət tarixində tərcümə və yüksək səviyyədəki elmi araşdırmaların aparıldığı mərkəz olaraq bilinən “Beytul-hikmə”ni quraraq əvvəlki mədəniyyətlərin nailiyyətlərindən bəhrələnmək istəmiş, bu məqsədlə də tərcümə hərəkatına böyük əhəmiyyət vermişdir. Digər tərəfdən, dövrün kəlam alimləri kimi Kindi də İslamı müdafiə etmək üçün başqa dinlərə və mədəniyyətlərə qarşı rəddiyələr (Bir inanc və ya düşüncəyə qarşı çıxmaq, dəlil və əsaslarını təkzib etmək üçün yazılmış əsərlərin ümumi adı) qələmə almışdır.
Kindi termodinamika qanunundan ilk dəfə bəhs edərkən belə demişdir: “Cisimlər qızdırılanda daha böyük bir həcmə sahib olur və soyuyan hər cisim də əvvəlkindən daha az yer tutur. Buna görə yerdən yüksələn buxarlar soyuq hava təbəqəsi ilə qarşılaşdıqda həcmi azalır və yoğunlaşaraq yağış kimi yerə enir”.
Son 150 ildə Kindi haqqında aparılan elmi araşdırmalar onu göstərir ki, Kindi orta əsrlərdə Avropada latın və ibrani dillərinə tərcümə olunmuş əsərləri ilə tanınıb. Kindinin on yeddi əsəri latın, dördü ibrani, müasir dövrdə isə əsərlərindən beşi alman, dördü italyan, ikisi ingilis və fransız dillərinə tərcümə edilib. Kindinin müxtəlif dillərə tərcümə edilmiş bu əsərlərinin əksəriyyəti astronomiya, tibb, kimya, optika və meteorologiya kimi müsbət elmlərlə əlaqəlidir.
Kindinin bu qədər kitab yazmasının səbəbi o günkü İslam cəmiyyətində, xüsusən də dünyəvi elmlər sahəsində ehtiyacın qarşılanmasıdır. Eyni mövzuda birdən çox əsər yazmasının səbəbi isə müxtəlif dövrlərdə mövzu ilə bağlı məlumat istəyənlərə verdiyi eyni xarakterli cavablarının sonradan fərqli adlarla elmi ədəbiyyata daxil olmasıdır.

Musiqi haqqında görüşləri
İlk İslam filosofu olan Kindinin musiqiyə dair qələmə aldığı bir sıra əsərlər vardır. Onun musiqiyə dair yazdığı bu əsərlərinin əhəmiyyəti dövrümüzə qədər gəlib çatan ilk əsərlər olmasına görədir. Musiqi tarixinin qaranlıq köşələrində qalan bu dövrü Kindinin şəxsində öyrənmək olar.
Qeyd edək ki, Kindi İslam musiqi tarixində əsər yazan ilk müəllif deyildir. O sadəcə musiqi ilə bağlı əsərləri günümüzə qədər gəlib çatan ilk İslam (müsəlman) müəllifidir. Kindidən əvvəl Yunus Əl-Katib və İshaq Əl-Məvsilinin də musiqi ilə bağlı əsərlər yazdığı bilinir. Ancaq Kindinin yaşadığı əsrdə musiqi yeni bir mərhələyə daxil olmuş, artıq musiqiçinin kompozisiyasında şeir, ritm, ahəng, vəzn və s. komponentlər işlənməyə başlanmışdır. Kindinin yaşadığı əsr musiqinin inkişaf mərhələsi baxımından çox mühüm bir dövrü əhatə edir və burada Kindinin çox böyük payı var.
Kindi musiqinin sadəcə insanlar üzərində deyil, heyvanlar üzərində də təsirli olduğunu qeyd etmişdir. Misal üçün timsah və delfin dövrün musiqi alətləri olan zəmr və bukun səsini eşidəndə hərəkət edərək sudan çıxır, bir çoban əllə çaldığı fit səsi ilə sürünü toplayır, tovuz quşu musiqi qarşısında rəngarəng quyruqlarını açaraq reaksiya verirlər. Elə musiqi növləri var ki, insanlar həmin musiqini eşidəndə müharibədə qəhrəmanlaşır, bəzən sevinir, ya da kədərlənir. Bir sözlə, bu təsir heyvanlar aləmi üçün də keçərlidir”.
İbnul-Kifti (1173-1248) “Əl-İxbar” adlı ərəb dili və ədəbiyyatının nümayəndələrindən bəhs edən ensiklopedik əsərində Kindinin musiqi ilə bir gənci müalicə etdiyini anladır. Həmin rəvayət Kindinin musiqi ilə müalicə etmək sahəsində mahir olduğunu göstərir. Kindinin sahib olduğu elm bütün elm sahələrini əhatə edirdi. Beləcə o Fərabi, İbn Sina, Nəsirəddin Tusi və digər filosoflarda rast gəldiyimiz xüsusiyyətləri özündə daşıyır.

Yuxarıdakı cədvəldə Kindinin əsərlərinin sayına və hansı mövzuları əhatə etdiyinə dair məlumat verilmişdir. Bu cədvəldə Kindinin üç ayrı biblioqrafiya kitabında yer alan əsərlərini müqayisəli şəkildə görmək olar.
Kindinin yaşadığı dövrdə cəmiyyətdə hakim olan ümumi ab-hava dövlətin dəstəyinə baxmayaraq, fəlsəfənin lehinə dəyişməmişdir. Kindi İslam cəmiyyətini fəlsəfə sahəsi ilə tanış edən ilk şəxslərdən olduğu üçün bir sıra çətinliklərlə üzləşməli olmuşdur. İslam düşüncə tarixində Kindinin əhəmiyyəti, onun məşşai (peripatetik) bir filosof olmasına baxmayaraq, fəlsəfə ilə din arasındakı fikir ayrılıqlarına səbəb olan aləmin hüdusu (sonradan var olması), vəhyin və cismani həşrin (yenidən dirilmənin) mümkünlüyü kimi məsələlərdə düşüncələrini digər məşşai filosoflardan fərdli olaraq İslam inancına uyğun şəkildə ortaya qoymasıdır.
Keçən yazıda Kindinin xəsis və tamahkar olması ilə bağlı Əl-Cahizin “Buxalə” (Xəsislər haqqında kitab) əsərində bir rəvayətin olduğunu zikr etmişdik. Əslində Kindini xəsis və tamahkar olaraq xarakterizə etmək, xəsis insan kimi karikaturlaşdırmaq onun haqqında söylənən ədəbi xəyaldan ibarətdir. Xəsis və tamahkar olan bir insanın kitab üçün ömrü boyunca böyük məbləğdə pullar xərcləməsi mümkün deyildi. Belə bir həyat yaşayan Kindinin Əl-Cahizin karikaturlaşdırdığı kimi xəsis və tamahkar olması mümkün deyildi.

Kindinin bariz xüsusiyyətlərindən biri xəlifələrlə dost olmasıdır. Kindinin günümüzə qədər gəlib çatan əsərlərinə nəzər salsaq, əksəriyyətinin dövrün idarəçilərinə, əmir və xəlifələrə ithafən yazıldığını görmək olar. Cəmiyyətin yuxarı təbəqəsi ilə dostluqlar qura bilən Kindi cəmiyyətdə sıravi insanların arasına qarışmazdı. Bütün vaxtını fəlsəfi və elmi təfəkkürlə keçirən Kindi özünü cəmiyyətdən təcrid etmiş halda, münzəvi bir həyat yaşamışdır. Kindi cəmiyyətdən, hətta qonşulardan uzaq zəngin bir məhəllədə, bu məhəllədə yaşayanların onun güclü bir alim və həkim olduğunu bilmədən tənha həyat sürürdü. Bir dəfə tacirlərdən birinin oğlu iflic xəstəliyinə tutulmuş və Bağdadda heç bir həkim onu müalicə edə bilməmişdi. Bəzi şəxslər həmin tacirə bu kimi az rast gəlinən xəstəlikləri müalicə etmədə məharətli bir həkim və filosofun onun məhəlləsində yaşadığını söylədilər. Kindi də həmin şəxsin iflic olmuş uşağını müsiqi ilə müalicə edərək yaxşılaşdırdı.
Kindinin fəlsəfi ənənənin İslam dünyasında yayılmasında, günümüzə nəql olunmasında əvəzsiz rolu var. Kindidən əvvəlki tərcüməçilərin işləri hərfi tərcümələr idi. Buna görə də ərəb dilinə edilən həmin tərcümələr yetərsiz və anlaşılmaz qalırdı. Kindi həmin tərcümələri islah etmiş, onların daha asan başa düşülməsini təmin etmişdir. Miladi 8-ci əsrdəki fəlsəfi çalışmalar xüsusilə ixtisasça fizikaçı olan süryani xristianların inhisarında idi. Kindinin çalışmaları ilə süryanilərin inhisarında olan bu fəlsəfi çalışmalar müsəlmanlara keçmiş, sonrakı dövrlərdə gələcək olan Fərabi, İbn Sina kimi filosoflara zəmin hazırlanmışdır.
Kindi fəlsəfəyə qarşı olanlara ondan əvvəlki filosofların işlətdiyi belə bir dəlillə cavab verir: “Fəlsəfəyə qarşı olanların da bu elmi öyrənmələri lazımdır. Çünki bu insanlar ya fəlsəfə öyrənmənin lazım olduğunu, ya da lazım olmadığını söyləyəcəklər. Əgər lazım olduğunu iddia edərlərsə, bu zaman təbii ki, fəlsəfəni öyrənmə məcburiyyəti ortaya çıxacaq. Əgər fəlsəfəni öyrənmənin lazım olmadığını iddia edərlərsə, o zaman bunun səbəbini ortaya qoymaları və dəlil gətirmələri lazım olacaq. Halbuki səbəb göstərib dəlil gətirmək fəlsəfənin sahəsinə girən bir məsələdir”.
Nəticə olaraq deyək ki, 9-cu əsrdə yaşayan Kindi, İslam dünyasında fəlsəfənin ilk təmsilçisidir. Fəlsəfənin İslam mədəniyyətində öz yerini almasında Kindinin danılmaz yeri və rolu var.

Nazim Mustafayev

Qeyd:
Yazının əvvəlini buradan oxuya bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top