FSB rəhbəri Azərbaycana niyə gəlir? – ŞƏRH


Bu gün Ermənistan mətbuatı ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov İrəvana gəldiyi barədə məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Bortnikov baş nazir Nikol Paşinyanın dəvəti ilə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün İrəvana gəlib və Paşinyala görüşdən sonra Bakıya səfər edəcək.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr tarixində imzalanan üçtərəfil bəyanatdan sonra Azərbaycan Ermənistan və Rusiya ilə birgə Kəlbəcər və Laçın rayonları ilə sərhəd ərazilərdə delimitasiyası və demarkasiyası işlərini həyata keçirib. Hətta Ermənistanın baş naziri açıqlama verərək bildirib ki, delimitasiyası və demarkasiyası işlərini GPS sistemi ilə həyata keçirildiyi üçün bölgədə hər hansı problem qeydə alınmayacaq.
Ancaq bildiyimiz kimi, son günlər Zəngilan və Qubadlı rayonları istiqamətində də dövlət sərhədlərinin müəyyən olunması üçün addımlar atılır. İki gün əvvəl bölgədə olan Rusiya hərbçiləri xəbərdarlıq etmişdilər ki, əgər Zəngilan və Qubadlı rayonları istiqamətində yerləşən erməni silahlıları 2-3 gün ərzində SSRİ zamanındakı sərhədlərə geri çəkilməsələr Azərbaycan Ordusu hücum edəcək və onlar da müdaxilə etməyəcək. Dünən xəbər yayıldı ki, erməni silahlıları bu gün saat 17:00-a kimi geri çəkiləcəklər.
Amma məlum məsələdir ki, Azərbaycan Ordusunun SSRİ zamanındakı sərhədlərə nəzarət etməsi bölgədəki erməni kəndləri üçün ciddi problemlər yaradacaq. Azərbaycan əsgərlərinin Qafan şəhərinin 500-600 metr uzaqlığındakı yüksəklikdə durmasından daha ciddi məsələ Çakaten, Şikaox (Şıxovuz), Nerkin Hand (Kolluqışlaq), Tsav (Sov) kimi kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsi deməkdir.
Bu kəndləri rayon mərkəzi (Qafan) və paytaxtla (İrəvan) birləşdirən yol Azərbaycan ərazisindən keçir. Bu yol SSRİ zamanında da indiki ərazilərdən keçib. Bu yol həm də İrandan İrəvana gedən əsas yoldur.
İndi Ermənistan həmin yola nəzarəti öz əlində saxlamaq istəyir. Dünən sakinlər yolu bağlayaraq etiraz ediblər. Nikol Paşinyan da vəziyyətin nə qədər ağır olduğunu başa düşür. Bu problemi həll edə bilməsə ölkənin cənub bölgəsinin (Mehri, Qafan, Sisian və Gorus rayonları) müxalifətin nəzarətinə keçəcəyini yaxşı bilir. Bu bölgədəki rayon rəhbərləri problem həll olunmasa istefa verəcəklərini bəyan ediblər.
Həmişə olduğu kimi Ermənistan tərəfi başa düşür ki, problemlərini həll edə biləcək yeganə qüvvə Rusiyadır. Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovun təcili İrəvana gəldiyi və İrəvanda Paşinyanla görüşdükdən sonra Bakıya gəlib İlham Əliyevlə görüşəcəyi deyilir. Erməni mətbuatı yazır ki, FSB rəhbərinin səfəri Paşinyanın xahişi ilə həyata keçirilir və yuxarıda haqqında bəhs etdiyim yolun Ermənistanın nəzarətində qalmasını təmin etmək üçün təşkil olunub.
Görüşün necə nəticələnəcəyini yaxın saatlarda, ya da günlərdə biləcəyik.
Amma onu da bilmək lazımdır ki, Azərbaycan Konstitusiyasının 11-ci maddəsində açıq şəkildə yazılır ki, Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top