Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan Azərbaycan vətəndaşlarının SAYI

“Hazırda Dövlət Komissiyasında Birinci Qarabağ Müharibəsinin nəticələrinə görə, 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir”.

Yeniavaz.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib. 

O qeyd edib ki, bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir:

“BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır.

Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib.

Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində üç minə yaxın bioloji nümunə toplanaraq, müvafiq qaydada sənədləşdirilib”.

DİGƏR XƏBƏRLƏR

Top