Sumqayıt Tibb Kolleci “ənənəsinə” sadiq qalıb – Bu şirkətə 30 min manat ayrıldı…


Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Aktiv-N Ticaret” MMC olub.

Yeniavaz.com xəbər verir ki, "Aktiv-N Ticaret” MMC Sumqayıt Tibb Kollecinin sifarişilə bu quruma avadanlıqlar satacaq.
Sumqayıt Tibb Kolleci "Aktiv-N Ticaret” MMC-yə 9 min 950 manat ödəyəcək. Məlumat üçün bildirək ki, "Aktiv-N Ticaret” MMC – 17.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt Tibb Kolleci müsabiqə elanını 21.10.2020-ci il tarixində elan olunub.
Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay əvvəl yaranıb. 
Nizamnamə kapitalı 5 manat olan "Aktiv-N Ticaret” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev, ev 9A, m. 105-də yerləşir. Qanuni təmsilçisi Əhmədzadə Miralim Nizami oğludur.
Qeyd edək ki, "Aktiv-N Ticaret” MMC qeydiyyatdan keçdikdən ay yarım sonra daha 2 tenderin qalibi olub. Oktyabr ayında Sumqayıt Tibb Kollecinin 19 min 995 manatlıq, Gəncə Turizm İnformasiya Mərkəzinin isə 33 min 900 manatlıq tenderinin qalibi olub. 
Məlumat üçün onu da bildirək ki, yeni yaranan şirkətlərin Sumqayıt Tibb Kollecinin keçirtdiyi tenderlərdə qalib olması halı daha əvvəl də qeydə alınıb. Belə ki, bu ilin avqust ayının 6-da Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən tender müsabiqəsi elan olunub. Tender müsabiqəsinin qalibi 10 gün əvvəl - 27.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan "ZZ-Ticaret” MMC olub. Sumqayıt Tibb Kolleci "ZZ-Ticaret” MMC-yə 9 min 840 manat ödəyib.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender müsabiqəsindən cəmi 1-2 ay əvvəl yaranan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 
Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 2010-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb. Kollecin direktoru tibb elmləri doktoru Rəfayıl Eyvazovdur. 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top