İki oğlu şəhid olan ana: "Musa şəhid olmuşdu, təsəllim Tural idi, o da şəhid oldu"


Vətən yolunda iki oğlunu şəhid verən Nəhayət ana Yeniavaz.com saytına oğulları barədə xatirələrindən danışarkən deyir ki, oğullarının ikisi də bir gündə müharibəyə gedib:
"Balalarım bir-birindən xəbərsiz şəhid oldular. Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim Tural idi. Musanın qırxı çıxandan sonra Turalım da şəhid oldu. Onun da yeddisini dünən verdik. Mən anayam, bir təhər dözürəm, amma 80 yaşlı ataları bu dərdə dözə bilmir, hər gün ağlayır, təsəlli verirəm ki, oğullarımızın hərəsinin iki balası qalıb. Biz onları da böyütməliyik. Turalla sentyabrın 30-da axırıncı danışığım oldu. Dedi ki, Musadan çox narahatam, bir xəbər varmı? Dedi, ana, biz sabah Suqovuşan uğrunda müharibəyə çıxırıq, zəng etməsəm, narahat olmayın. Amma daha sonra ondan səs çıxmadı. Son dəfə müharibəyə yola düşəndə yoldaşına deyib ki, bilirəm ki, bu döyüşdə şəhid olacam. Mənim büküldüyüm bayrağı oğluma verərsən.
Oğullarım oxumuş, təhsilli idilər. Hər ikisi əvvəlcə Mingəçevir Texniki liseyin, sonra isə Mingəçevir Turizm kollecinin məzunu olublar. Musanın 25 yaşını Şəhidlər Xiyabanında qeyd etdik. Turalın da 27 yaşı vardı. Döyüş yoldaşları deyir ki, Tural çox ağır yaralanmışdı, son sözü bu olub: “Balalarım mənsiz yaşaya bilməyəcəklər”. O, balalarını çox sevirdi, onlar üçün hər zaman narahat idi. Ailəyə çox bağlı idi. Noyabrın 4-də xəbər gəldi ki, Tural BTR-də yanıb, şəhid olub. Ümidlərim hamsı puca getdi. Mən vətən üçün oğul böyütmüşdüm Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz vətən üçün yaranmışıq. Amma ən böyük dərd bir ayda ananın üstünə iki tabut gəlməsi imiş, çox böyük dərddir. İki oğul Turalındır, iki qız da Musanın, indi bizim təsəllimiz onlardır”.
Turalın az yaşlı uşaqları atalarının şəkilinə baxaraq, “atam gələcək” - deyirlər. Şəhidlərin atası Tapdıq Həsənov deyir ki, nə yaxşı, bu balacalar var: "Başımı onlarla qatıram. Hər dəfə şəkli göstərib, məndən atalarını soruşurlar".
Sonda şəhid anası Nəhayət xanım Vətən torpaqlarının azad olunduğunu və torpaqların azad olunması uğrunda canından keçmiş balalarının bu zəfərdə payları olduğunu vurğuladı və “Vətən uğrunda”medalı ilə təltif olnmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top