Şəhid olan lerikli qardaşlar Heydər Əliyevin dostunun nəvələri imiş - FOTOLAR

 
“Mən bir gün əsgər oldum düşmənim baxsın üzümə,
Mən bir gün şəhid oldum rahat yatsın Vətənim...”.

Yeniavaz.com xəbər verir ki, bu misralar iki lerikli şəhid qardaşdan biri - Altay Mövlanova məxsusdur. Bu misralar onun heç kəsə göstərmədiyi gündəliyindən götürülüb. Mövlanovlar haqqında hər ikisinin də müəllimi olmuş Hacırza Quliyev danışıb:
"Elgün və Altay Mövlanovlar hər ikisi də bizim Valeh Müslümov adına 2 saylı tam orta məktəbin şagirdləri olub. Altay 2006-cı ildə həmin məktəbin birinci sinfinə gedib. 2017-ci ildə məktəbi bitirib. Çox cəsur uşaqlar idi. Onlar Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümovun qisasını aldılar. Bu iki igid də Valehin yolunu davam etdirərək onun kimi şəhidlik zivəsinə yüksəldilər".
Hacırza müəllim Altay Mövlanovun hərb sənətinə böyük marağı olduğunu deyir:
"Həmişə deyirdi ki, əsgərə getsə bu sahədə qalacaq, qayıtmayacaq. Sənədlərini hərbi məktəbə verdi, qəbul ola bilməsə də dediyindən dönmədi. Bu yolda davam edəcəyini bildirdi. O, Valeh Müslümov kimi igid olacağını, şəhidlərin qanının yerdə qalmayacağını deyirdi. Az danışırdı, amma söz deyəndə də elə söz deyirdi ki, təsiri böyük olurdu. Hətta onun bir gündəliyi var imiş. O üzə çıxandan sonra deyirəm ki, bu uşaq məktəbdə özünü belə tanıtmamışdı. Gör nələr yazıb, nə düşünürmüş".
Şəhidin qohumu deyir ki, o müddətli hərbi xidmətini başa vurub evə gəldikdən təxminən 1 ay sonra yenidən hərbiyə qayıdıb.
Hacırza müəllim Elgünün yaşca qardaşından balaca olmasına baxmayaraq onun da cəsarətdə Altaydan geri qalmadığını deyir:
"Elgün ondan iki yaş balaca idi. Elgünün həm də sinif rəhbəri olmuşam. Hər igidimizin öz yeri var, amma Elgün üçün hamımız çox yanıb tökülürük. Hamı istəyirdi ki, Elgün əsgərliyini sağ-salamat başa vurub qayıtsın, gəlsin. Atanın, ananın ikinci oğlu idi. Onların boynuna sarılacaq bir oğul lazım idi. Elgün qardaşı əsgərlikdən gələn kimi hərbi xidmətə getdi. Hərbi xidməti tam başa vurmamış müharibə başladı, orada iştirak etməyə başladı. Goranboyun Ballıqaya yüksəkliyində qəhrəmancasına şəhid oldu".
Həmsöhbətimiz Altayın qardaşı Elgünün şəhid olması xəbərini eşitdiyini, amma geri qayıtmağı deyil, irəli getməyi üstün tutduğunu deyir:
"Elgün sentyabrın 30-da şəhid olmuşdu. Belə məsləhətləşmişdik ki, Elgünün şəhid olması xəbəri Altaya deyilməsin. Altaya teleqram vurlmuşdu. Ona qardaşının dəfnində iştirak etmək üçün 5 günlük məzuniyyət verilmişdi.  Amma teleqramın məzmunundan xəbəri yox idi. Sən demə əsgər yoldaşlarından Elgünün şəhid olması xəbərini eşidənlər ona bu xəbəri deyib. Allah rəhmət eləsin. Xəbəri eşidən Altay həmin teleqram da cibində irəliyə, döyüş bölgəsinə can atıb. O və onunla birgə həmyerlisi, eləcə də döyüş yoldaşı Elnur Əsədullayev Elgünün qisasını alacaqlarına söz veriblər. 10-15 gün onlardan xəbər olmadı. Füzuli rayonunun Seyidəhmədli kəndinə ilk girən Altaygilin dəstəsi olub. Altayın atası, əmisi və əmisi oğlu neçə gün Füzulidə qaldılar ki, ondan xəbər ala bilsinlər. Amma heç bir xəbər çıxmırdı”.
Hacırza Quliyev deyir ki, Tahir Mövlanovun ikinci oğlunun nəşini  oktyabrın 30-da gətiriblər:
"Hamı anasına təskinlik vermək üçün deyirdi ki, narahat olma, sənin ad gününə hədiyyə olacaq, sağ-salamat tapıb gətirəcəklər. Amma hamı bilirdi ki, Altay da artıq şəhid olub və rayon ictimaiyyəti Lerikin girişində nəşi qəbul etməyə hazırdı. Allah rəhmət eləsin. Həqiqtən dəhşətli bir şeydir, bir ailənin iki oğlu da şəhiddir. Amma həm də qürurvericidir”.
Qeyd edək ki, şəhid qardaşlar bir vaxt adı ilə hamının yaddaşında iz qoyan və ümummilli lider Heydər Əliyevin dostu Xanış Şahıyevin nəvələridir. Onların əmiləri Camal və Hüseyn Şahiyevlər Birinci Qarabağ müharibəsində şəhid olublar. Altay və Elgünün atası isə Birinci Qarabağ müharibəsi vaxtı gözlərindən yaralanıb.
Allah rəhmət eləsin!







Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top