Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalan Əzizov Şəmistan - FOTOLAR

"Son döyüşə gedəndə evə zəng edib deyib ki, mən ağır döyüşə gedirəm, dua edin. İnşallah, 5 günə aşağı düşəcəyik, onda zəng edəcəyəm, yuxarıda şəbəkə tutmur".

Bu sözləri Əzizov Şəmistan İlyas oğlu haqqında Yeniavaz.com-a danışan yaxın qohumu Aynur Bilalova deyib. Aynur xanım deyir ki, Şəmistan bizim ailəni çox istəyirdi və hər dəfə Bakıya gələndə bizdə qalırdı:

“Özünü bizə o qədər sevdirmişdi ki, nə uşaqlarım, nə özüm onun yoxluğu ilə barışa bilmirik. Kasıb ailənin uşağı idi. Anasının bütün var dövləti Şəmistan idi. Ailənin tək uşağı idi. Heç olmasa bircə yadigarı qalsaydı anasına təsəlli olardı. Ən böyük arzusu evini təmir edib evlənmək idi. Evi də ömrü kimi yarımçıq qaldı".

Əzizov Şəmistan 6 dekabr 1993-cü ildə Göyçay rayonunun Qaraxıdır kəndində dünyaya gəlib. 2000-ci ildə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəyə hərbi xidmətə yola düşüb. Şəmistan Əzizov 2012-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində yaralanaraq N saylı qospitala yerləşdirilib. Sağaldıqdan sonra yenidən xidmətini davam etdirib. 2013-cü ilin iyul ayında hərbi qulluğunu başa vuraraq geri qayıdıb:

“Şəmistan 2012-ci ildə hərbi xidmətdə ikən yaralansa da bu barədə heç birimizə məlumat verməyib. Yarası tam sağalandan sonra evə bildirib ki, yaralanmışdım, indi yaxşıyam. Həmişə söhbət əsnasında deyirdi ki, mən o yaranın heyifini onlarda qoymayacağam. Onun qisasını alacağam. Elə də oldu”.

Şəmistan haqqında danışan Aynur Bilalova deyir ki, o Şuşaya getməyi çox istəyirdi:

“Şəmistanın anası Əminə xanım Şuşa texnikumunda oxuyub. O, həmişə anasının tələbə vaxtı çəkdirdiyi şəkillərə baxanda anasına deyirdi ki, ana, sənin oxuduğun texnikumun binasına bayrağımızı özüm sancacağam. Qismət elə gətirdi ki, döyüşlər başladı, gedib adını sevinə-sevinə könüllü yazdırdı. 29 sentyabrda da çağırışla döyüş bölgəsinə yola düşdü. Bilirsiz Şəmistan çox mərd, cəsur gənc idi. Döyüş yoldaşlarının sözlərinə görə, onun qorxmazlığı, mərdliyi komandirlərinin də diqqətindən yayınmayıb. Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalıb. Qanaxması çox olub. Şəhid olan vaxt da kəlimeyi şəhadətini gətirərək papağının, qolbağının və telefonunun anasına verilməsini istəyib”.

Qeyd edək ki, Şəmistan döyüşlərə qatıldığı gündən oktyabrın 13-nə kimi 5 döyüşdə iştirak edib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə (Qlobus adlı yerdə) şəhid olub. 15-də isə doğma torpağında torpağa tapşırılıb.




Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top