"Xəstəxanaya düşmə, öldürəcəklər" fikirləri ilə bağlı həkimdən VACİB AÇIQLAMA


"Baş verənlər qarşısında ağlı itirməmək üçün soyuqqanlı olmaqdan başqa çarə yoxdur. Dərd üstünə dərd gəlir. Şəxsən mən etiraf edim ki, artıq gücüm çatmır. Sağlam düşünə də bilmirəm. Amma yenə də deməliyəm, yazmalıyam, cavab verməliyəm. Hazırda “xəstəxanaya düşən ölür”, “xəstəxanada nəyinsə dozasını artıq edirlər, adam ölür”, “xəstəxanaya düşmə, öldürəcəklər” kimi fikirlər var. Bəli, xəstəxanaya düşməyin. Ona görə yox ki, sizi kimsə qəsdən öldürəcək, ona görə ki, sağalmağa imkan tapmaya bilərsiniz. Əgər intubasiya (süni tənəffüs apparatına qoşulmaq) olunmalısınızsa, bunu xəstəxanadan kənar yerdə etdirə bilməyəcəksiz. İş bu yerə gəlməsin deyə nə etməliyik? Niyə elə cavan var, ölür, elə yaşlı var, sağalır?".
Yeniavaz.com
xəbər verir ki, bunu özünün feysbuk səhifəsində tanınmış pediatr Aytən İsmayılzadə yazıb. O bu suallara elə həmin yazıda geniş cavab verib. Həmin yazını təqdim edirik:
“Yanaşı xəstəliklərin rolu var öz yerində, amma bədəndə məskunlaşan virusun rolu daha çoxdur. Bu koronavirus adı bir olsa da, müxtəlif əlamətlər verməsi subtiplərinin olmasını göstərir. Heç də  həmişə tənəffüs yollarını zədələmir. Sinir sistemini zədələyir, insan dadbilmə, iybilməni itirir, bəziləri güclü başağrıdan, aqressiv olmasından şikayət edir. Mədə-bağırsaq traktını zədələyir, ürəkbulanma, ishal, qarın ağrıları olur. Ürəyi də zədələyə bilir, kardiomiositləri yəni  ürək hüceyrələrini zədələsə  gecikmədən ölüm verə bilir. Damar divarını zədələyə bilir, nəticədə çoxlu tromblar yaranır və s. Ağciyər toxuması zədələnəndə də  dərəcəsindən asılı olaraq adam imkan tapsa sağala bilir, proses dayanır, orqanizm dözməsə  oksigensizlikdən bütün orqanlar işini dayandırır.  
Kimin hansı yarımnöv virusu tutacağı öncədən bəlli deyil. Amma əlamətlərlə bilmək olur. Buna görə də sadəcə "hərarəti yoxdur, bir gün oldu, bitdi" demək doğru deyil. Digər əlamətləri izləyin və bədənə düşmüş virusun heç vaxt iki üç günə çıxıb gedəcəyinə inanmayın. 
Əlamətlər başladısa  immumitetimizə çox da güvənməyək. Bu virusun necə oyun oynayacağı bilinmir. İmmuniteti aktivləşdirməyə çalışmaq vaxt itkisi ola bilər. Məsələn, siz xəstəsiz və deyirsiz ki, hələ babatam, elə vitamin c zad qəbul edim, görüm necə oluram. Virusa qarşı dərman tapılmır, tapsam da ala bilməyəcəyəm. Belə olanda ilk olaraq etməli olduğunuzu etmirsiniz. Virusu öldürməyə çalışmırsınız. Ona da elə bu lazımdır. Artır, çoxalır, öz bildiyini edir. Amma iki-üç günə yox. On günə, bir həftəyə. Kimdəsə iki həftəyə. Və nəticədə ya o, ya siz qalib gəlirsiniz. 
Kimsə xəstəxanaya düşüb niyə ölsün ki? Çünki ora yüngül vaxtında getsə də, heç nə etməmiş gedir(sistem filan "heç nə"dir). Bədənində artmış virusları öldürməyə dərmanların da gücü çatmır. Dərman da spesifik deyil axı. Yəni sırf COVID-19-a qarşı hazırlanmayıb Dərman da sınanır sadəcə. Virusa müəyyən dərəcədə təsir edə bilər. Xəstəxanada viruslar tüğyan edir, mikroblar kef edir. Gələn xəstəni zəif immuniteti ilə həmən qapırlar. Bir olan virus min olur. Yəni bu virus bədənə düşüb artıb çoxalmamış onu öldürməyə çalışmalıyıq. Amma burada o məsələ də çıxır ki, kimsə niyə tez ağırlaşır və həyatı sonlanır. Ola bilər ki, həmin insanlar virusun məhz ağciyər və ya ürək zədələyən formasına  yoluxmuş olur. Ya da çoxlu virus alıb, onlarda lap çoxalıb və immunitetin cavabını da yanına buraxmayıb. Buna da bəxt deyək, qismət deyək. Nə isə deyək. Yoxsa itirdiklərimiz sağ qalanların ruhuna  dərin təsirsiz ötüşməz.
Əsas məsələ - virusu vaxtında öldürmək dərmanla olur, COVID-19 misalında qismən mümkün olur. “Tamiflu”, “Kaletra”, “Favipiravir”, olmayan yerdə “Arbidol” heç olmazsa. Ağ bazardan, qara bazardan nə tapa bilsəniz. Təkrar yazıram, “Erqoferon” onları əvəz etmir. “Erqoferon” interferon hasili üçündür. Yəni dərmanlar virusu öldürən güllədirsə, “Erqoferon” bu gülləni düzgün istifadə etməyə yönəlmiş təlim kimidir. Yəni təlimsiz olar, gülləsiz olmaz. 
Virusu öldürən digər maddə  yod hesab edilir. Birinci dalğada - 7-8 ay bundan əvvəl türk hocaları bunun üzərində çalışmalar edirdi. Nəticəsinin necə olduğu bəlli olmasa da, yodun həm bakteriya, həm  virus, həm göbələyə qarşı təsiri danılmazdır. İki damla yodu suda həll edib daxilə qəbul etmək və günlük qarqaralarda istifadə etmək məsləhətdir. Onsuz da yodumuz azdır(zob xəstələri istisna). 
Bir də “Ozon”. “Ozon” da virus və bakteriyaya qarşı  öldürücü təsirlidir. İlk günlərdən ozonoterapiya məsləhət görürəm. Bunu ən azından həkim, tibb personalı çalışdığı məəssisədə varsa edə biləcək. Əlamətlərə ad qoymadan ( soyuqlama, qrip, zökəm və s.) xəstəliyin ağırlaşmasına mümkün qədər əngəl olmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top