"Koronavirus həddindən çox yayılıb, apteklərdə dərman od qiymətinə" - Radioloq


"Koronavirus infeksiyası həddindən çox yayılıb! Minlərlə orta ağır və ağır xəstələr var! Xəstələr dərman tapa bilmir və bu sahə üzrə professional həkim tapmaqda çox çətinlik çəkirlər!"

Yeniavaz.com xəbər verir ki, bu sözləri feysbuk hesabında radioloq Aydın Əliyev yazıb. Həkim bəzi tövsiyələrini paylaşıb:

"Mart ayından bu xəstəliklə mübarizədə iştirak edən bir həkim kimi bu problemlə bağlı bilgilərimi, tövsiyələrimi paylaşmağı özümə borc bilirəm:
1. Təcili olaraq apteklər zəruri dərman preparatları ilə təmin edilməlidir! COVID19-un müalicəsində istifadə edilən əsas dərman preparatları tapılmır və tapılanda da od qiymətinədir!
2. Bütün əhalinin izləyə biləcəyi televiziya vasitələri ilə hansı şikayətlər, hansı kliniki əlamətlər, hansı laborator və instrumental müayinələrin nəticələrində hansı dəyişiklik olan xəstələr nə etməlidir? Televiziyalar vasitəsilə elan edilməlidir! İnsanlar bilmir nə etsin? Təcili yardım çatdırmır, xəstəxanalarda yer yox! Sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən çox fərqli reseptlər yazır!
3. Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu həm həkimləri, həm də xəstələri çox çaşdırır! Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur.
4. Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər-başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə coviddən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan(boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verməlidir!
5. Test analizi mənfi çıxıbsa lakin yuxarıdakı saydığımız şikayətlər biruzə verilib artırsa mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir! Əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa dərhal müalicə başlamalıdır!
5. KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çoxdursa və xüsusən yanaşı xəstəliyi olan xəstə mütləq stasionar müalicə almalıdır! Təcili yardım və qaynar xəttlərə davamlı zəng edib stasionar müalicə tələb edin bu halda!
6. KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir!
7. Yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik olmasınlar, qəti surətdə antibiotiklər, deksametazon, damar daxili inyeksiyalar-sistemlər etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər!
8. Test analiziniz müsbətdirsə lakin heç bir şikayət yoxdursa, yanaşı ciddi xəstəlik yoxdursa və KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa heç bir müalicəyə ehtiyac yoxdur!
9. Maska geyinmək(xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir! Çünki ən yaxşısı yoluxmamaqdır!"

DİGƏR XƏBƏRLƏR

Top