Hande Harmancı Gəncədə müharibədən zərər çəkən şəxslərlə görüşüb - FOTO


Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Ermənistan silahlı qüvvələrinin mülki əhalini raket atəşinə tutması nəticəsində zərər çəkən şəxslərlə görüşüb. O, erməni terrorunun qurbanı olan şəxsləri müvvəqqəti məskunlaşdıqları yataqxanada ziyarət edib. 
Yeniavaz.com
xəbər verir ki, sakinlərlə söhbət edən Hande Harmancı xəstəliklə mübarizə üsullarından danışıb. O, “COVİD-19”a qarşı qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb, sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət edilməsinin vacibliyini bir daha xatırladıb. 
Media nümayəndələrinə açıqlama verən Hande Harmancı bildirib ki, yeni növ koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir: “Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq” 
O qeyd edib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: "Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir".
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi tərəfindən yataqxanada müvəqqəti məskunlaşan ailələrə geyim və koronavirusla mübarizə üçün bir sıra tibbi ləvazimatlar təqdim olunub. 
Xatırladaq ki, oktyabr 4-dən 17-dək Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 30-a yaxın mülkü şəxs həyatını itirib, 120-dən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top