Özünü qumbaraya sipər edərək 8 döyüş yoldaşını xilas edən qazi – Tərlan Həsənov – VİDEO


Şəkinin Baş Zəyzid kəndində anadan olan 23 yaşlı Tərlan Həsənov II Qarabağ Müharibəsinin igidlərindəndir.
Yeniavaz.com
xəbər verir ki, Vətən Müharibəsinin qəhrəman qazisi haqqında sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Tərlanın atası Rafiq kişi əlil olsa da, övladının oxuyub ali təhsil alması üçün çox çalışıb. Oğul da atanın əməyini itirməyib. Ali təhsilini başa vurandan sonra hərbi xidmətə getmək istəsə də, çəkisinin azlığı və gözlərinin zəif görməsi səbəbilə hərbi xidmətə aparmaq istəməyiblər onu. Lakin Tərlan israr edib. Hərbi xidmətin bitməsinə az qalmış isə müharibə başlayıb. 
Tərlan Həsənov döyüşlər zamanı özünü qumbaranın üzərinə ataraq yoldaşlarını xilas edib. O, həmin günü belə xatırlayır:
“Kiçik bir qrupla düşmənin mühasirəsinə düşmüşdük. Qumbaralarla hücum edirdilər. Elə oldu ki, qumbaranın biri aramıza düşdü. Ağlımdan keçdi ki, ya hamımız öləcəyik, ya birimiz. Düşündüm ki, şəhid olmaq zamanıdır. Hamımızın anaları ağlamasın deyə özümü qumbaranın üstünə atdım. Partlayışda şok keçirdim. Qalanını xatırlamıram. Ayılanda dedim yəqin qarnımdan yaralanmışam. Amma sağ salamat idim”. 
Tərlanın dostları onun şəhid olduğunu düşünüblər. Saatlarla huşsuz qalıb. Lakin yüngül xəsarət alıbmış. Həyatını əyninə geydiyi zirehli jilet və qucağındakı rabitə qurğusu xilas edib. Özüylə bərabər 8 əsgərin də həyatını qurtaran igidə indi dostları “Qumbara Tərlan” deyirlər. Bu hadisədən sonra fəxri fərman və 5 günlük məzuniyyət alıb igid Tərlan. Deyir, şəhidlər olmasa Vətən sağ qalmaz. Bir ölərik min dirilərik, təki vətən sağ olsun.

DİGƏR XƏBƏRLƏR

Top