Qazi Sənan Səmədzadə: "Qələbəyə 1 saat qalmış yaralandım" - FOTOLAR


"Allaha şükürlər olsun biz qalib gəldik. Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycanındır!".
Bu sözləri qazi Sənan Səmədzadə Yeniavaz.com-a keçdiyi döyüş yolu haqqında danışarkən deyib. 
Şəmkir şəhəri Zəyəm kənd sakini Sənan səfərbərlik vaxtı adını könüllü olaraq qeydiyyatdan keçirdib: 
"Sentyabrın 27-də çağırışa qoşuldum. Sentyabrın 28-də Gəncəyə gəldim və təlimlərə başladıq. 20 gündən çox təlimlərdə olduq. Oktyabrın 25-də düşməndən azad olunmuş Füzuli istiqamətinə doğru irəlilədik. Bir neçə gün Füzuli, Qubadlı, Zəngilan ərazilərində səngərlərdə olduq". 
Qazi Səmədzadə daha sonra Şuşa uğrunda gedən döyüşlərə qatılıb:
"Bir neçə gün əsgər yoldaşlarımla birlikdə düşmənlərimizə məhvedici zərbələr endirdik. Sahibi olduğumuz torpaqları azad etmek üçün döyüşdük. Nəhayət Daşaltı əməliyyatında qələbə çalaraq, Şuşanı azad etdik. Və şanlı gün kimi tariximizə düşən 8 Noyabr qələbə sevincində mənim də payım oldu. Bu qələbə üçün çox qürurlandıq və bütün döyüş yoldaşlarımızla birlikdə qələbə sevincini ən dərin sevinc hissləriylə yaşadıq, çünki şəhid olan əsgər qardaşlarımızın qanı yerdə qalmamışdı...".
Sənan Səmədzadə deyir ki, bu döyüşdən sonra əsgər yoldaşlarıyla birgə növbəti irəli əmrini gözləyiblər: 
"Həmin gözlədiyimiz əmr gəldi. Xankəndi uğrunda döyüşlər başladı və biz hər zamankı kimi cəsarətlə, qorxmadan, qürurla düşmən üzərinə addımlayırdıq. Biz qorxmadan irəlilədikcə onlar Azərbaycan əsgərlərindən qorxub silahlarını atıb qaçırdılar. Döyüş zamanı 7 yaralı əsgəri öz həyatım bahasına da olsa döyüş bölgəsindən gah çiynimdə, gah belimdə, artıq taqətim qalmayanda isə qollarından tutaraq təhlükəsiz əraziyə gətirirdim...".
Sənan Səmədzadə ilk dəfə Xankəndi uğrunda gedən döyüşlərdə gecə saatlarında sol çiynindən yaralanıb:
"Noyabrın 9-u düşmənin topdan atdığı zərbə nəticəsində sol çiynimdən yaralansam da döyüşməyə davam edirdim. Əsgər yoldaşlarımızla düşmən üzərinə çox irəliləmişdik. Xankəndi uğrunda qızğın döyüşlər gedirdi. Qələbəyə bir saat qalmış mən yenidən yaralandım, bu dəfə sağ çiynimdən. Artıq hərəkət etməyə taqətim qalmamışdı, döyüş yoldaşlarım mənə irəliləməyə icazə vermədi. Şuşada qaraj deyilən yerə gətirildim, orada yarama ilkin tibbi yardım göstərildi və 1 gun orda qaldım. Artıq qələbə elan edilmişdi və döyüşlər dayandırılmışdı. 1 gün Şuşada qaldıqdan sonra biz yaralıları ardıcıl olaraq Daşkəndə  Cəbrayıla, Fizuliyə gətirdilər. Həmin ərazilərdə 1 gün qalaraq fasilə edərək irəliləyirdik. Son olaraq Zərdab rayonuna gətirildim. Yarama yenidən tibbi müdaxilə edildi və bir neçə gün orada qaldım".
Hazırda yarası dərin olduğu üçün hələ də müalicəsi davam etdirilən Sənan qazi yoldaşlarına və şəhid ailələrinə də dualarını yetirməmizi istədi:
"Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin! Qazilərimizə Allah şəfa versin!
Azərbaycan ordusuna və bizə hər zaman arxa cəbhədə dua edən, maddi və mənəvi cəhətdən köməyini əsirgəməyən xalqımıza təşəkkür edirəm!".
Sənan Səmədzadə ailəlidir, 1 övladı var. Övladının 1 yaşı o döyüşlərdə iştirak etdiyi vaxt tamam olub.







Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top