“Vətən Müharibəsi Qəhrəmanı” Elnur Şirinov: “Avtomatla tank qovurduq” - FOTOLAR


Bu gün mingəçevirlilər evinə dönən “Vətən Müharibəsi Qəhrəmanı” mayor Şirinov Elnur Ramiz oğlunu böyük coşqu ilə qarşıladılar. Qəhrəmanımızı onun ailə üzvüləri, şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşılayıb. Mayor Elnur Şirinov əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, daha sonra Şəhidlər xiyabanına gəlib. Şəhidlərimizi ziyarət edən E.Şirinov onlara Allahdan rəhmət diləyib və bildirib ki, sizin hər birinizin qisasını alıb bu gün alnı açıq ziyarətinizə gəlmişəm. Şəhidlər xiyabanında icra başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, Şuşanın alınmasında igidlik göstərən Şirinov Elnurun qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən qiymətləndirilib və o, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Başçı qeyd edib ki, bütün mingəçevirlilər adından şəhid valideyinlərinə başsağlığı veririk, belə qəhrəman igidlərimizlə də fəxarət hissi keçiririk.
Elnur Şirinov Yeniavaz.com-a müsahibə verərək bildirdi ki, onu müharibəyə atası yola salıb: “Atam mənə dedi ki, sənin övladlarına mən baxacam, narahat olma, arxadan vurulsan haqqım sənə halal deyil. Döyüşlərə Füzuli şəhərində qoşulmuşam. Noyabr ayının 1-dən etibarən Şuşa əməliyyatına başladıq. Cənab Prezidentin dediyi kimi dağlar, qayalar, cığırlarla noyabr ayının 6-sı, səhər saatlarında Xankəndi istiqamətindən Şuşaya daxil olduq. Onda mən tabor komandiri  vəzifəsində idim. Şuşanın alınması elan olunana qədər Xankəndi istiqamətində gələn qüvvələrin qarşısını almaq üçün Şuşa qalasını müdafiə etdik. Biz Şuşaya girəndə 25-ə yaxın şəhid, 61 yaralı verdik. Onu xüsusi vurğulamaq istəyirəm ki, səhəri gün Şuşa qalasının müdafiəsində 101 erməni leşi qoyduq. 3 yol deyilən yer var, uşaqlar düşüb 101 erməninin leşini saydılar. Biz 25 şəhidimizin qisasını elə ordaca aldıq. Açığını deyim, avtomatla tank qovurduq. Tarixdə görünməyən bir hadisə idi ki, Şuşa atıcı silahlarla azad olundu. Ayın 10-a qədər Şuşa qalasını müdafiə etdik, prezidentimiz demiş, düşmənin belini qırdıq”.
Elnur Şirinov qarşılanmaya görə şəhər İcra Hakimiyyətinin başçısı İlahm İsmayılova və mingəçevirlilərə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Elnur Şirinov 1987-ci ildə Mingəçevirdə anadan olub. Mingəçevir şəhər 13 saylı məktəbi bitirdikdən sonra Hərbi Akademiyaya daxil olub. Sonra Naxçıvan Muxtar Respublikası Xüsusi Təyinatlı hərbi dəstədə xidmətə başlayıb. Vətən müharibəsində ön cəbhədə vuruşub və Şuşa şəhərinin alınmasında birbaşa iştirak edib. 10 dekabrda Bakı şəhərində keçirilən Qələbə paradında da hərbçilərin sırasında olub.






Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top