2-3 gün əvvəl yaranan şirkətlər 422 min manatlıq tenderləri necə udub? - FOTOFAKT


Bakı şəhər Baş Polis İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 70 min 496 manat olan tender müsabiqəsinin qalibi  “İmpro Ltd” MMC olub.
“İmpro Ltd” MMC Bakı şəhər Baş Polis İdarəsi üçün cari təmir işləri görəcək.
Nizamnamı kapitalı 10 manat olan “İmpro Ltd” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Zığ Şossesi, ev 58-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov İlkin Nazim oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət - “İmpro Ltd” MMC  tender müsabiqəsinin başlamasından təxminən 17 gün sonra  - 27.11.2020-ci il dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi tender elanını oktyabr ayının 10-da elan edib. Tələb olunan sənədlərin təqdim edilməsi üçün son tarix 01.12.2020-ci il olub. Göründüyü kimi “İmpro Ltd” MMC-nin qeydiyyatdan keçdikdən sonra sənədlərini təqdim etmək üçün cəmi 5 gün vaxtı olub. Bu 5 günün 2 günü (31 noyabr -1 dekabr) şənbə və bazar günlərinə düşdüyü üçün MMC-nin tenderdə iştirak etmək üçün 3 gün vaxtı olub. Çox qəribədir ki, cəmi 3 günlük “təcrübəsi” olan şirkət 70 min manat dəyərində tenderin qalibi olub.
Məlumat üçün bildirək ki, Bakı şəhər Baş Polis İdarəsinin daha əvvəl keçirdiyi tender müsabiqələrində də bənzər vəziyyət qeydə alınıb.
Ötən ay Bakı şəhər Baş Polis İdarəsi tərəfindən dəyəri 169 min 975 manat 46 qəpik olan tender müsabiqəsinin qalibi  “Office Line 2020” MMC olub. “Office Line 2020” MMC Bakı şəhər Baş Polis İdarəsi üçün katriclərin və yanğınsöndürən balonların doldurulması xidmətini göstərəcək.
Nizamnamı kapitalı 10 manat olan “Office Line 2020” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Elçin Əliyev, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Azər Vidadi oğludur.
“Office Line 2020” MMC tender müsabiqəsinin başlamasından təxminən 15 gün sonra  - 11.11.2020-ci il dövlət qeydiyyatına alınıb. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi tender elanını oktyabr ayının 26-da elan edib. Tələb olunan sənədlərin təqdim edilməsi üçün son tarix 16.11.2020-ci il olub. Göründüyü kimi “Office Line 2020” MMC-nin qeydiyyatdan keçdikdən sonra sənədlərini təqdim etmək üçün cəmi 5 gün vaxtı olub. Bu 5 günün 2 günü (13-14 noyabr) şənbə və bazar günlərinə düşdüyü üçün MMC-nin tenderdə iştirak etmək üçün 3 gün vaxtı olub.
Onu da qeyd edək ki, yanğınsöndürən balonların doldurulması xidmətini lisenziya tələb edən fəaliyyət sahəsi hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 510 nömrəli fərmanı ilə təsdiq edilən “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən  “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” xidməti üçün ödəniləcək rüsum 3600 manat təşkil edir. Tenderdə iştirak edə bilmək üçün yeni yaranan şirkət həm də 3 gün ərzində lisenziya almalıdır. 
Bildirək ki, Baş Polis İdarəsinin 14.09.2020-ci il tarixində dəftərxana və təsərrüfat mallarının alınması üçün tender elan edib. 181 min 691 manat 21 qəpiklik tender müsabiqəsini elandan 2 gün sonra - 16.09.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Beyaz Construction” MMC udub.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top