Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında yeni nəqliyyat yolları tikiləcək - Rusiya XİN

“Üç ölkə liderlərinin 9 noyabr bəyanatının 9-cu bəndinə görə, regionda bütün iqtisadi, nəqliyyat əlaqələri yenidən açılmalıdır. O cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, vətəndaşların, yüklərin hər iki istiqamətdə təhlükəsiz gediş-gəlişinə Ermənistan zəmanət verir. Nəqliyyat daşımalarına Rusiya FTX-nin sərhəd xidməti nəzarət edəcək. Bundan əlavə, tərəflərin razılığı ilə Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında yeni nəqliyyat yolları tikiləcək”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə dilə gətirib.

“İqtisadi əlaqələri işə salmaq, yeni yollar çəkmək uzun işdir, bir çox aidiyyəti qurumlar bu məsələyə cəlb olunmalıdır, əsas məsələlər də Azərbaycan və Ermənistan hökumətləri tərəfindən həll olunacaq. Bildiyimiz kimi, hər iki hökumət arasında münaqişə sonrası problemlərin həlli üçün xüsusi çevik mexanizmlər yaradılıb. Bu gün ən perspektivli məsələ dəmir yollarının açılmasıdır. Rusiyalı mütəxəssislərin də iştirakı ilə Naxçıvanın dəmir yolu infrastrukturunun sərhəd boyu sahələrinin, habelə Ermənistanın sərhəd yaxınlığındakı dəmir yolu xətlərinin ilkin yoxlanılması keçirilib”, - diplomat qeyd edib.

“Regiondakı vəziyyət çox həssasdır. Vəziyyəti sülh məcrasına qaytarmaq, tərəfləri danışıqlar masasına əyləşdirib bütün sahələrdə işləri yoluna qoymaq üçün lazımi şərait, bünövrə yaratmaqla bağlı mürəkkəb prosesləri işə salmaq üçün çox böyük səylər göstərilib”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.  //report.az

DİGƏR XƏBƏRLƏR

Top