Bu gündən ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir


Bu gündən xüsusi karantin rejiminin qüvvədə olduğu dekabrın 28-dək ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.
Qərarda bildirilir ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında deyib ki, açıq havadakı ictimai yerlərə küçələr də daxildir: "Sabahdan istər küçə, istərsə də park, bulvar və digər ictimai yerlərdə maska taxılması tələbi məcburidir  Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

DİGƏR XƏBƏRLƏR

Top