“19-20 oktyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon görüşlərim oldu. O tarixlərdə Azərbaycan Silahlı Qüvvələri Qarabağın cənub hissəsində hələ çox da böyük olmayan əraziləri geri almışdı. İlham Əliyevi inandırmışdım ki, hərbi əməliyyatları dayandırmaq olar. Amma onun vacib şərti var idi ki, Şuşa şəhəri daxil məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Paşinyan bunun əleyhinə çıxıb: “Erməni müttəfiqlərimiz sərt şəkildə bunun mümkün olmayacağını bildirdilər. Paşinyan açıq şəkildə mənə dedi ki, bunda Ermənistan və Qarabağ üçün təhdid görür. Mənə indi də aydın deyil ki, təhdid burada nədədir. Çünki mülki şəxslərin qayıdışı nəzərdə tutulurdu”.
Rusiya Prezidenti Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilən öz ərazilərini geri aldığını vurğulayıb: “Türkiyə Qarabağ məsələsində birtərəfli şəkildə Azərbaycanı dəstəkləyir. Bunu gizlətmirlər açıq şəkildə bildirirlər. Bu SSRİ-nin dağılmasının geosiyasi nəticəsidir. Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycanın doğru bildiyi şəkildə özünə müttəfiq seçmək hüququ var. Kim buna qarşı çıxa bilər. Heç kim hətta Ermənistan özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq cəhətdən bu o deməkdir ki, Azərbaycan dünya birliyi tərəfindən qəbul edilən ərazilərini geri alır”.