Son 9 ildə “Azəri-Çıraq-Günəşli”də neft hasilatı kəskin azalıb - CƏDVƏL


2020-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 132 milyon barel (17,9 milyon ton) və ya gündə orta hesabla 482 min barel neft hasil edilib. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat isə 10,8% və ya 16 milyon barel azalıb. 9 il əvvəllə - 2012-ci ilin ilk 9 ayının nəticəsilə müqayisədə AÇG-də hasilat 29,5% və ya  55,4 milyon barel azalıb.
Bu ilin ilk 9 ayında gündəlik hasilat – “Çıraq” plantformasında 36 min, “Mərkəzi Azəri”də 115 min, “Qərbi Azəri”də 118 min, “Şərqi Azəri”də 64 min, “Dərinsulu Günəşli”də 97 min və “Qərbi Çıraq”da 52 min barel olub.
2020-ci ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 46 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), ARDNŞ (25%), MOL (11,3%) (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top