“Oğlum şəhid olsa, Ali Baş Komandandan xahiş edəcəm ki, Şuşada dəfn olunsun...”


Qarabağ qazisi Ələmşah Rəhimovun övladı Araz Rəhimov atasının xeyr-duasıyla müharibəyə yollanıb.
Yeniavaz.com
moderator.az-a istinadən Qarabağ qazisi Ələmşah Rəhimovla müsahibəni təqdim edir.

- Ələmşah müəllim, sentyabrın 27-də müharibə başlayanda hansı hissləri keçirdiniz?

- Arzu etdiyim bir gün idi, çox sevindik. Bir az öncəyə gedək, Tovuz hadisələrindən sonra mən və oğlum Araz Şuşa-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən onlayn qeydiyyatdan keçdik. 27sentyabrda müharibə başlayandan sonra  sentyabrın 29-da oğlum Araz mənə zəng vurub dedi ki, “ata, uşaqlar sənə əmanət, məni müharibəyə çağırdılar”. Onu da deyim ki, Arazın üç övladı var idi və o, müharibəyə gedəndən 13 gün sonra dördüncü oğlu da dünyaya gəldi. Oğluma dedim ki, yolun açıq olsun. Aradan üç saat keçəndən sonra zəng vurub dedi ki, “ata, bizə dedilər ki, yoxlamaq üçün sizi çağırdıq ki, görək gəlirsənmi?” Oğlum da deyib ki, çağırmısınız, aparın. Onlar da deyib ki, gedin gözləyin. Oğlum “Oba” marketdə satıcı işləyir və elə vaxt olur ki, təhvil-təslim edəndə telefonu söndürür və ona görə də səfərbərliyə mənim nömrəmi verib ki, əgər mənə zəng çatmasa, atama zəng vurub deyərsiniz. Beləliklə, sentyabrın 30-da mənə zəng olundu və dedilər ki, qeydiyyatdan keçmisiniz və sabah səhər saatlarında səfərbərliyə gəlin. Məlum oldu ki, bunlar məni yox, oğlumu səfərbərliyə çağırıblar. Dedim ki, mən də qeydiyyatdan keçmişəm, məni də müharibəyə aparın. Dedilər ki, yox, sizin yaşınız çoxdur. Zəng vurdum oğlum gəldi.

- Oğlunuz dediyiniz kimi onkoloji xəstədir, o, necə müharibəyə gedib ki, bunu bilən olmayıb?

- Çünki bununla bağlı hərbi biletində heç nə yazılmayıb. Amma boynunda və qolunda əməliyyatın çapıxı var idi. Həmin çapıxlara görə sıradan Arazın çıxarıb yoxlamağa apardılar və Araz həkimləri adladaraq deyib ki, usta işləyəndə dəmir kəsib. Gördüm ki, oğlum həkimlərin otağından gülə-gülə gəlir. Dedi ki, “ata, məni narahat edən bu çapıxlar idi, amma bu sınaqdan da keçdim”. Arazı avtobusa mindirib yola saldım və təbii ki, bir ata kimi qürur hissi keçirdim.

- Bəs Arazın üç övladı və hamilə yoldaşı demədimi Araza bizi qoyub hara gedirsən?

- Bunu Araza demək mümkün deyildi. Okyabrın 1-də Araz müharibəyə yola düşdü və oktyabrın 13-də dördüncü oğlu dünyaya gəldi. Oğlunun adını Əli qoyduq və bu mənim arzu etdiyim ad idi.

- Araz müharibəyə gedəndə hansı bölgəyə düşdü?

- Birinci dəfə Ağcabədiyə düşdüyünü dedi. Amma ondan sonra nə vaxt soruşdum yerini demədi. Mənim nigarançılığım onun xəstəliyi idi. Fikirləşdim ki, ağrıları başlasa, nə edər? Bir neçə gün sonra zəng vurub dedi ki, “ata, indiyə qədər bir az narahatlığım var idi, amma hərbi formanı əynimə geyəndən sonra hər şeyi unutdum.

- Araz özü əsgəri xidmətini harda keçmişdi?

- O, Füzulidə Haramı düzündə olub. Vəzifəsi isə qrantamyot atanın köməkçisi idi. Müharibəyə gedəndən bir neçə gün sonra zəng vurub dedi ki, gizirlərdən biri mənim üç uşağım olduğunu biləndə komandanlığa məruz edib ki, Arazın burda olması düzgün deyil. Araz bunu istəməsə də, gizir məruzə edib. Komandanlıq isə deyib ki, Araza deyin, əgər getmək istəyirsə, getsin. Araz isə deyib ki, qayıtmaq üçün bura gəlməmişəm.

- Bəs Araza oğlu olduğunu necə xəbər verdiniz?

- Araz bilirdi oktyabrın 13-də övladı olacaq. Çünki həkimlə danışmışdıq və uşaq əməliyyatla götürüldü. Bir dəfə zəng vuranda dedi ki, “ata, cocuğumu qucağıma aldım”, belə başa düşdüm ki, silahını deyir. Mənə dedi ki, “ata, həkimlər nə qədər pul desə, ver, təki uşaq salamat olsun”, çünki onu da bizim səhiyyəmiz çox incitmişdi. Qarabağ müharibəsi qurtarsın, mənim ən böyük müharibəm Azərbaycan səhiyyəsi ilə olacaq. Dünən də danışdıq və mənə dedi ki, “Ata, Şuşada 20 yanvar küçəsi 3, mənzil 43 haradır?”. Dedim Araz sən hardasan? Dedi ki, “ata, Şuşadayam”.

- Araz evinizi tapdımı?

- Araz Şuşada çıxanda 3 yaşı heç yox idi, indi zəngini gözləyirəm və yəqin ki, evimizdən mənə zəng vuracaq. Arazın bu aylar ərzində iki dəfə şəhidlik xəbəri çıxdı, amma sonradan məlum oldu ki, yalandır. Mən hər şeyə hazıram, Araz şəhid də, qazi də ola bilər. Amma bir şeyi fikirləşmişdim ki, əgər Araz şəhid olsa, Ali Baş Komandandan xahiş edəcəm ki, Şuşada dəfn olunsun.

DİGƏR XƏBƏRLƏR

Top