Bu gün Kəlbəcər işğaldan azad olur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

İşğalçı ölkənin bu sənədə qol çəkməsinə və Kəlbəcəri, habelə digər rayonları Azərbaycana qaytarmasına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı müharibədəki uğurlu hərbi əməliyyatlar səbəb olub. Müzəffər ordumuz Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib, ərazilərimizi işğaldan azad edib.

İlkin razılaşmaya görə Azərbaycan ordusu noyabrın 15-də Kəlbəcərə daxil olmalı idi. Ancaq noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ermənistan tərəfinin Kəlbəcərin təhvil verilməsi ilə bağlı möhlət istəməsi barədə xahişini Azərbaycan Prezidentinə çatdırıb.

Azərbaycan Kəlbəcərin coğrafiya və relyefini nəzərə alaraq, humanist addım atıb və təhvilin noyabrın 25-də baş tutmasına qərar verilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top