Azərbaycan millisinin baş məşqçisi: “İstədiyimiz oyunu ortaya qoya bilmədik”


“Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm”.

Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Monteneqro ilə keçirilən oyundan sonra deyib.

Xorvatiyanın Zapreşiç şəhərində baş tutan qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan komandamız B liqasına vəsiqə şansını itirib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis heç-heçəni dəyərləndirib: “Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır. İkinci hissədə imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Matçın gedişində dəyişik etsək də, istədiyimizi ortaya qoya bilmədik”.

De Byazi bildirib ki, hücumda çatışmayan əsas məqam komandanın çoxala bilməməsidir: “Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir”.

Baş məşqçi zədələnərək əvəzlənən Abbas Hüseynovun durumuna da aydınlıq gətirib: “Abbas bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top