Ermənistan silahlı qüvvələrinin dinc sakinləri hədəf seçməsi nəticəsində cəbhə bölgəsindən xeyli uzaqlıqda yerləşən Mingəçevir şəhəri də ziyan görüb.
Yeniavaz.com xəbər verir ki, atılan raket zərbələri nəticəsində şəhərdə 30-a yaxın təsərrüfata ziyan dəyib. Hazırda işçi qrupları tərəfindən dəymiş ziyanın miqdarı hesablanır.
Mingəçevir şəhəri üzrə işçi qrupunun rəhbəri Rafiq Hüseynov bildirib ki, iki gün ərzində fərdi yaşayış evlərinə,nəqliyyat vasitələrinə baxış keçirilib:
“Erməni təcavüzü nəticəsində 27 evə və 3 nəqliyyat vasitəsinə ziyan yetirlidiyi aşkar edilib. Hazırda işçi qrupu işini davam etdirir. Nazirlər kabinetinin sərəncamına əsasən tapşırılıb ki, 2020-ci il dekabrın 10-dək dəymiş ziyanın qiymətləndirilməsi və tələb olunan vəsaitin həcminə dair təkliflər dövlət komisiyasına təqdim edilsin”.
Qeyd edək ki, şəhərdə dağılmış evlərdən 1-i hazırda Azerenerji tərəfindən yenidən tikilir. 2 ev isə təmir edilərək sakinlərin istifadəsinə verilib.
Esmira Hidayətova, Mingəçevir