Erməni təxribatı nəticəsində Gəncəyə dəyən zərər hesablanır - FOTO


Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhərə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb.

Gəncə şəhəri üzrə işçi qrupun rəhbəri Ədalət Əliyev APA-ya açıqlamasında bildirib ki, Gəncə şəhəri düşmən təxribatı nəticəsində ən çox raket zərbəsinə məruz qalan ərazilərdən biridir. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən şəhərdə 2000-dən çox fərdi ev və çoxmənzilli binalara ziyan dəyib, xeyli sayda avtomobil yararsız hala düşüb: “Dünəndən etibarən yaşayış və qeyri yaşayış sahələrində qiymətləndirmə işlərinə start verilib. Qiymətləndirmə ev sahiblərinin iştirakı ilə həyata keçirilir. Biz müvafiq texniki müayinə aktları tərtib edəcəyik. Həmin aktlar Komissiyaya təqdim olunacaq. Ola bilər ki, ziyan dəymiş yaşayış və qeyri yaşayış sahələrinin sayı artsın. Dəymiş ziyanın məbləği isə işlər yekunlaşandan  sonra mütəxəssislər tərəfindən müəyyən olunacaq. Qiymətləndirmə işləri dekabrın 10-dək tamamlanmalıdır. Ona görə də biz çalışırıq ki, işləri vaxtında yekunlaşdıraq".
Qeyd edək ki, noyabrın 6-da Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Gəncə-Mingəçevir, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.

 

DİGƏR XƏBƏRLƏR

Top