72 yaşlı şəhərimizdə iki bayram yaşanır


Bu gün işıq şəhəri Mingəçevirin ad günüdür. 72 il əvvəl noyabrın 11-də Mingəçevirə şəhər statusu verilib. Mingəçevir ölkəmizin ən qədim yaşayış məntəqələrindən olsa da onun inkişafı İkinci Dünya Müharibəsindən sonraya təsadüf edir.

Yeniavaz.com xəbər verir ki, müharibədən sonra ölkənin maddi-texniki inkişafını təmin etmək üçün lazım olan elektrik enerjisini əldə etmək məqsədilə burada böyük quruculuq işlərinə start verilmiş, Boz dağın ətəklərində Kür çayının qabağı kəsilərək böyük bir dəniz əmələ gətirilimiş və Su Elektrik Stansiyası qurularaq istismara verilmişdir. Səməd Vurğunun "Muğan" poemasında bu SES-in inşası geniş təsvir edilmişdir. SES-in inşaat işləri tamamlandıqdan sonra burada çalışmış minlərlə gənc bu yeni şəhərdə qalaraq öz taleyini Mingəçevirlə bağlamış və şəhər qısa müddət ərzində Azərbaycanın ən mühüm strateji mərkəzlərindən birinə çevrilmişdir. Mingəçevir hazırda Azərbaycanın əsas enerji təminatçısı və dördüncü böyük şəhəridir. Bu gün Mingəçevir Qarabağımızın düşmən işğalından azad olunmasını və özünün 72 yaşını bayram edir. Bu münasibətlə Mingəçevir Şəhər İcra Həkimiyyətinin başçısı İlham İsmayılov mingəçevirlilərə və bu şəhərdə məskunlaşmış məcburi köçkünlərə müraciət ünvanlamışdır. Həmin müraciətin qısa mətnini oxucularımıza təqdim edirik: 
Hörmətli mingəçevirlilər, əziz Mingəçevirdə müvəqqəti məskunlaşmış məcburi köçkün bacı və qardaşlarımız!
Qədim yaşayış məskəni kimi tanınan doğma Mingəçevirimizin noyabrın 11-də şəhər statusu almasının 72-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə şəhərimizin bütün sakinlərini, şəhərimizdə müvəqqəti məskunlaşmış bacı və qardaşlarımızı, eləcə də şəhərimizin qonaqlarını səmimi qəlbdən təbrik edir, Sizlərə can sağlığı, xoşbəxt həyat, səadət dolu günlər arzulayıram.
Əziz dostlar! Şəhərimiz üçün əlamətdar olan bu əziz gündə böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandanimiz İlham Əliyevin rəhbərliyi ilə Milli ordumuzun əsgər və zabitləri rəşadət göstərərək uzun illər işğal altında olan, həsrətlə yolumuzu gözləyən doğma Qarabağımızın işğalına son qoyaraq onu bizə qaytardı. Ali Baş komandanımızın daimi diqqət və qayğısı ilə təkmilləşən, yenilənən Azərbaycan ordusu əldə etdiyi müasir silahlarla düşmənə layiqli cavab verərək ona öz yerini göstərdi və bütün dünyaya yenilməzliyini nümayiş etdirdi. Vətən müharibəsinin ötən 44 günü ərzində Ali Baş komandanımızın rəhbərliyi ilə Milli ordumuz xalqımıza zəfər dolu tarix yaşatdı və Ermənistanı təslim olmağa məcbur etdi. Eşq olsun Ali Baş komandamıza, eşq olsun Milli ordumuza! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Əziz dostlar, şəhərimizin minlərlə oğul və qızları da  bu Vətən müharibəsində iştirak etmiş, fədakarlıqları ilə Milli ordumuza dəstək durmuşlar. Onların hamısına təşəkkür edirəm. Təbii ki, müharibə həm də  itkilərlə başa gəlir. Bu müharibədə şəhidlərimiz oldu. Allah onların hamısına rəhmət eləsin, ruhları şad olsun! 
Qeyd etmək istəyirəm ki, şəhərimiz 72 il ərzində, xüsusilə Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin dövründə yüksək inkişaf edərək Respublikamızın 4-cü şəhərinə çevirilmişdir. İlin əvvəlindən tərtib edilmiş tədbirlər planına müvafiq olaraq şəhərimizdə quruculuq-abadlıq işləri görülür və Mingəçevir cənab Prezidentimizin tapşırıq və tövsiyələrinə uyğun olaraq yenilənəcək və inkişaf edəcəkdir.
Əziz dostlar, bir daha Sizi Qarabağdakı möhtəşəm qələbə və şəhərimizin 72-ci ildönümü münasibətilə təbrik edir, hər birinizə xoşbəxt həyat və sağlamlıq arzu edirəm.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top