Şuşada şəhid olan 23 yaşlı Milli Qəhrəman Albert Aqarunov

 
28 ildən sonra Qarabağın incisi Şuşa Azərbaycan Ordusu tərəfindən azad olundu. Xatırladaq ki, 1992-ci ildə ermənilər Şuşaya hücum edərkən bir çox hərbçimiz orada qəhrəmanlıqlar göstərərək şəhid olmuşdu. Onlardan biri də Albert Aqarunovdur.
Yeniavaz.com
xəbər verir ki, Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir.
Albert cəmi 23 il yaşamasına baxmayaraq öz qəhrəmanlığı, cəsurluğu ilə Azərbaycan tarixinin, əsgər yoldaşlarının və  komandirlərinin yaddaşında silinməz iz buraxıb. Albertin döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən:
“T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Onun tank döyüşündə bir metodu vardı ki, yoldaşları ona həmişə “yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə vermişdilər. Şuşaya hücum edilən vaxt 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi”.
Albertin komandiri Hacı Əzimov deyir ki, ermənilər Albertin qəhrəmanlıqları qarşılığında onun başını gətirənə pul mükafatı vəd etmişdi:
“Ermənilər onun başına görə mükafat qoymuşdular. Albertin sonuncu döyüşü 8 may 1992-cu ildə Şuşa uğrunda oldu. O gün Azərbaycan tərəfi çox sayda yaralı və şəhid verir. Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir”.

DİGƏR XƏBƏRLƏR

Top