Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə cəmi bir ay əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunan Mikael Ambarçumyan tutduğu vəzifədən azad edilib və onun yerinə Armen Abazyan təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Armen Vaqarşak oğlu Abazyan bu ilin avqust ayının 11-də Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunub. Daha əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin Şirak rayon şöbəsinin direktoru olub.
Qeyd edək ki, Ermənistanın Şirak bölgəsində Rusiyanın 102-ci hərbi bazası yerləşir.
1971-ci ildə anadan olan Armen Abazyan əvvəlki Təhlükəsizlik Xidməti rəhbərlərindən fərqli olaraq siyasi dairələrə yaxınlığı olmayan şəxs hesab olunur. Bugünə kimi mətbuatda Armen Abazyanla bağlı məlumat yayılmayıb.
Onu da bildirək ki, Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin müavini olarkən daxili əks-kəşfiyyat sahəsinə nəzarət edib. Təxminən 10 gün əvvəl Abazyan mətbuat konfransı keçirərək dövlətə xəyanət, casusluq, hərbi qulluqçular arasında yalan xəbərlər yaymaq, Ermənistanda fəaliyyət göstərən nəzarət-buraxılış məntəqələrinin fəaliyyəti, informasiya təhlükəsizliyi, kiber cinayətlər, internetdə yerləşdirilən saxta nəşrlər və digər işlərlə bağlı cinayət işləri barədə məlumat verib. Abazyan qeyd edib ki, son bir ayda Azərbaycana casusluq edən sabiq yüksək rütbəli sabiq hərbçi həbs edilib.
Məlumat üçün bildirək ki, Milli Təhlükəsizlik Xidmətinin vəzifədən azad olunan direktoru, polkovnik Mikael Ambarçumyanın 20 ildən artıqdır Milli Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Uzun illər Milli Təhlükəsizlik Xidmətinin İstintaq idarəsinin rəhbəri olub. 2017-ci ildə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətlərinə görə" medalı ilə təltif edilib.
Mikael Ambarçumyan Nikol Paşinyanın komandasına daxil olan şəxslərdən fərqli olaraq Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın başçılıq etdiyi “Qarabağ klanı”na müxalif şəxs hesab olunmurdu. Mikael Ambarçumyan Qondarma Dağlıq Qarbağa respublikasının keçmiş rəhbəri Bako Saakyanın yaxın kadrlarından olan Marat Musaelyanın da qohumudur. Mikael Ambarçumyanın bacısı Marat Musaelyanın həyat yoldaşıdır. Ermənistan mətbuatı Mikael Ambarçumyanın vəzifə pillələrində yüksəlməsində Marat Musaelyanın rolunun olduğundan yazır. Mikael Ambarçumyan direktor olmazdan əvvəl tutduğu direktor müavini vəzifəsindən də azad olunub.