Üç rəngli bayrağınla məsud yaşa - Bayrağımız 102 yaşında


Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki Dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Bu gün 102 yaşını qeyd etdiyimiz şanlı bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Bundan əvvəlki bayrağımızın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub: 21 iyun 1918-ci il - 9 noyabr 1918-ci il. Ağ aypara və səkkizguşəli ulduzdan ibarət bu al bayraq 9 noyabr 1918-ci ildən müasir bayrağımızla əvəzlənib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edildi. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il Dövlət Bayrağı Günü xüsusən əlamətdar ab-havada qeyd edilir.

27 sentyabr 2020-ci il tarixində Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı yeni hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Tərtər, Xocavənd, Xocalı rayonlarında beş şəhər, 215 kənd və üç qəsəbə işğaldan azad olunub. Artıq Azərbaycan bayrağı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, Hadrut qəsəbəsi üzərində dalğalanır.

8 noyabr isə Azərbaycanın yeni tarixinin ən əlamətdar günü hesab etmək olar. Bu tarixdə Azərbaycan Ordusu Qafqazın incisi, Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşanı düşmən işğalıdan azad etdi və üçrəngli bayrağımız Qarabağın ürəyində dalğalanır.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - Ali Baş Komandan İlham Əliyevin bu sözləri düşmən işğalından azad olunan Qarabağın yenidən çiçəklənəcəyi, Azərbaycanın ən dilbər güçələrindən birinə çevriləcəyinə əminlik yaradır.

DİGƏR XƏBƏRLƏR

Top