Çingizin Xocalıda müsahibə aldığı Ləfxanım illər sonra - VİDEO


Xocalı faciəsi onun da qəlbində dərin və kədərli izlər buraxıb. Həmin dəhşətli günləri xatırladıqca uşaq ikən aldığı travma hələ də ona əzab verir, sanki həmin faciəvi anları yenidən yaşayır. Söhbət Ləfxanım Mahmudovadan gedir. Milli Qəhrəman Çingiz Mustafayevin 28 il əvvəl lentə aldığı həmin qızcığaz indi yaşa dolub, özü 3 uşaq anasıdır. Biz də onunla 28 il sonra Goranboyun Ağcakənd qəsəbəsində söhbətləşə bildik.

Çöhrəsi elə 9 yaşında olduğu kimi saf və məsumdur. İllər əvvəl yaşadığı dəhşətli hadisələr sanki onun uşaqlıq illərində saxlayıb...Uşaqlığın dadını çıxarmadan yaşa doldu.

Söhbət Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda söhbət etdiyi Ləfxanım Mahmudovadan gedir.

Onunla 28 il sonra Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində görüşdük.

Gözlərindəki kədərdən anlayırsan ki, 28 il əvvəl baş verən Xocalı faciəsinin dəhşətli anları hələ də beynində, ürəyindədir. Müsahibimiz deyir ki, həmin gecə ermənilər onların yaşadığı ərazidə evləri yandırır, insanları vəhşicəsinə qətlə yetirirdilər. Sağ qala bilmək üçün Ləfxanım Mahmudova ailəsi ilə birgə Qarqar çaydan keçib 9 gün meşədə ac-susuz qalıblar.

Ləfxanım Mahmudova Çingiz Mustafayevlə söhbətini əsirlikdən qurtarılan zaman Ağdamda lentə alındığını deyir. Onun sözlərinə görə həmin an hadisənin şokunu yaşadığı üçün doğru-düzgün danışa bilmirmiş.

Xocalı sakini tezliklə doğma elinə, obasına qayıdacağı günü səbirsizliklə gözləyir.

3 uşaq anası olan Ləfxanım Mahmudova vurğulayır ki, azərbaycan ordusu düşmənlərə döyüş meydanında sarsıdıcı zərbələr endirdikcə qəlbinə, ruhuna sanki bir qədər rahatlıq hopur. Qələbələrin çox olsun, əsgər.

DİGƏR XƏBƏRLƏR

Top