​3 yaşlı Xədicənin sosial şəbəkələrdəki görüntüləri ilə bağlı Komitədən AÇIQLAMA


Oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində 3 yaşlı Xədicə Şahnəzərovanın atasını, anasını və yaş yarımlıq bacısını itirməsi haqqında məlumat vermişdik.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə balaca Xədicənin kimin himayəsində qalacağı ilə bağlı problemlərin yaşanmasını əks etdirən kadrlar yayılıb. Kadrlarda ata və ana tərəfdən olan qohumlarının bu məsələ üzərində mübahisə etdikləri müşahidə olunur. Məsələ ictimaiyyət arasında xüsusilə də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a bildirilib ki, Xədicə ana nənəsinin himayəsindədir:
“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub.
Bildiririk ki, 03.11.2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində  ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir”.
Qeyd olunub ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb: “Qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top